Yay aylarında temperaturun yüksəlməsi ilə kondisionerlərdən istifadə kəskin artır, bu isə əhalinin elektrik enerjisi sərfiyyatında və aylıq kommunal ödənişlərində ciddi artıma səbəb olur. Xüsusilə isti iqlimə malik bölgələrdə yaşayan vətəndaşlar üçün elektrik xərcləri ailə büdcəsinə əlavə yük yaradır.
Bəs yay mövsümündə əhalinin artan enerji tələbatını nəzərə alaraq elektrik enerjisi tariflərinə güzəştlərin tətbiqi və ya xüsusi dəstək mexanizmlərinin yaradılması mümkündürmü?
Gündəm24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, yay aylarında vətəndaşların elektrik enerjisi xərclərinin azaldılması istiqamətində addımların atılması məqsədəuyğun olardı.

Onun sözlərinə görə, xüsusilə iyun-avqust aylarında insanlar isti hava şəraiti səbəbindən kondisionerlərdən intensiv istifadə etməyə məcbur qalırlar:
“Yay aylarında üç ay müddətinə elektrik enerjisi tariflərinin aşağı salınması vətəndaşlar üçün ciddi dəstək ola bilər. Xüsusilə Bakı, Kürdəmir, Ucar və digər isti iqlimə malik rayonlarda yaşayan əhali bu dövrdə daha çox elektrik enerjisi sərf edir. Bu səbəbdən həmin bölgələrdə xüsusi güzəşt mexanizmlərinin tətbiqi məqsədəuyğun görünür”.
C.Abbaslı hesab edir ki, tariflərin birbaşa endirilməsi mümkün olmasa belə, müəyyən güzəştli limitlərin tətbiqi alternativ variant kimi nəzərdən keçirilə bilər:
“Bu limitdən artıq istifadə isə mövcud qiymətlərlə hesablanar. Belə bir mexanizm vətəndaşların yükünü müəyyən qədər azaldar və dövlət üçün də ciddi maliyyə problemi yaratmaz.
Yayın başlanmasına sayılı günlər qaldığı üçün qısa müddətdə belə bir mexanizmin hazırlanıb tətbiq edilməsi real görünmür. Lakin meteoroloji proqnozlar qarşıdakı dövrdə də isti hava şəraitinin davam edəcəyini göstərir. Bu baxımdan növbəti illər üçün belə təkliflərin müzakirəyə çıxarılması daha məqsədəuyğun olar”.
Ekspertin fikrincə, yay aylarında elektrik enerjisinə tələbatın artması fonunda əhalinin kommunal xərclərinin azaldılması istiqamətində yeni yanaşmaların hazırlanmasına ehtiyac var. Bu məqsədlə mövsümi güzəştlər və ya sosial dəstək mexanizmləri gələcəkdə gündəmə gələ bilər.













