Endirim kampaniyaları zamanı istehlakçı hüquqlarının pozulması hallarına rast gəlinir.
Ajans.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov endirim kampaniyaları zamanı istehlakçı hüquqlarının pozulmasının müxtəlif formalarda baş verdiyini bildirib.
Onun sözlərinə görə, bəzi mağazalar vitrin və giriş hissəsində “70%-dək endirim” kimi cəlbedici elanlar yerləşdirərək alıcını mağazaya daxil olmağa sövq edir. Lakin alıcı məhsulu seçdikdən sonra ona həmin məhsulun endirim kampaniyasına aid olmadığı bildirilir.
Ekspert qeyd edir ki, digər geniş yayılmış qanun pozuntularından biri də endirimlə alınan məhsulların dəyişdirilməsi və ya qaytarılmasından imtina edilməsidir.

Eyyub Hüseynov vurğulayıb ki, bu yanaşma qanunvericiliyə ziddir:
“İstehlakçı endirimlə aldığı mal onun tələbatını ödəmədiyi halda da qanunvericiliyin nəzərdə tutduğu hallarda həmin məhsulu dəyişmək və ya qaytarmaq hüququna malikdir. Endirimdə satılması bu hüququ aradan qaldırmır. Ərzaq mağazalarında da alıcıları çaşdırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Belə ki, endirimli məhsulların yanında eyni görünüşlü, lakin endirimsiz məhsullar yerləşdirilir. Nəticədə alıcı yanlış məhsulu seçir və kassada endirimin tətbiq edilmədiyini öyrənir.”
Bundan başqa, bəzi hallarda endirim elanları rəflərə əvvəlcədən yerləşdirilsə də, qiymətlər hələ satış sisteminə daxil edilmir. Bu zaman alıcı kassada məhsulun endirimsiz qiymətlə hesablandığını görür və buna “sistemə hələ daxil edilməyib” cavabı verilir.
Ekspert endirim adı altında satışa çıxarılan bəzi ərzaq məhsullarının saxlanma şəraitinə də diqqət çəkib:
“Yararlılıq müddəti bitməsə belə, uyğun temperatur və şəraitdə saxlanılmayan məhsullar sağlamlıq üçün risk yarada bilər. Endirim kampaniyaları zamanı məhsulun qiymətini, etiketini, saxlanma şəraitini və kampaniya şərtlərini diqqətlə yoxlamaq lazımdır.”
E.Hüseynov hüquqları pozulan vətəndaşlara ərzaq məhsulları ilə bağlı problemlər zamanı 1003 qaynar xəttinə, sənaye malları və xidmət sahəsində yaranan problemlərlə bağlı isə (012) 599 76 00 nömrəsi vasitəsilə müvafiq dövlət orqanına müraciət etməyi məsləhət görüb.














