Son dövrlərdə ölkə məktəblərində baş verən ağır zorakılıq hadisələri cəmiyyətdə ciddi narahatlıq doğurur. Ötən gün sinif yoldaşını spirtlə yandıran məktəbli ilə bağlı hadisə, eləcə də “İdrak” liseyində şagirdin müəllimə qarşı silahlı hücum etməsi kimi faktlar göstərir ki, artıq məktəblər təkcə təhsil məkanı deyil, eyni zamanda psixoloji risklərin də açıq şəkildə üzə çıxdığı mühitə çevrilməkdədir. Bu cür hadisələr həm valideynlər, həm müəllimlər, həm də ümumilikdə cəmiyyət üçün ciddi siqnal kimi qiymətləndirilir və yeniyetmələrin davranış modellərinin dərin təhlilini zəruri edir.
Bəs görəsən, son dövrlərdə məktəblərdə baş verən bu kimi ağır zorakılıq halları, şagirdlərin həmyaşıdlarına və müəllimlərə qarşı aqressiv davranışları, yeniyetmələrin psixoloji vəziyyəti ilə nə dərəcədə bağlıdır? Bu cür hadisələrin arxasında duran əsas psixoloji amillər nələrdir və onların qarşısını almaq üçün ailə və məktəb hansı addımları atmalıdır?
Mövzu ilə bağlı psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, son dövrlərdə məktəblərdə baş verən bu cür ağır zorakılıq halları tək bir səbəblə izah olunacaq məsələ deyil:
“Bu, həm psixoloji, həm bioloji, həm də sosial faktorların üst-üstə düşdüyü bir nöqtədə baş verir. Bəzən ən xırda detal belə, məsələn, havanın dəyişməsi belə psixikaya təsir edə bilir. Elmi baxımdan temperaturun yüksəlməsi ilə aqressiya arasında əlaqə olduğu göstərilir. İsti hava insanın sinir sistemini daha həssas edir, dözümlülük azalır, impulsiv reaksiyalar artır. Bu, birbaşa davranışa təsir edən fon yaradır, amma təkbaşına səbəb deyil, sadəcə mövcud gərginliyi daha tez üzə çıxarır”.

Psixoloqun fikrincə, əsas məsələ isə yenə də insanın daxilində baş verən proseslərdir:
“Yeniyetmə dövründə emosiyalar daha güclü yaşanır. Amma bu emosiyaları tənzimləyən prefrontal korteks hələ tam formalaşmadığı üçün uşaq nə hiss etdiyini başa düşsə belə, onu necə idarə edəcəyini bilmir. Nəticədə ani qəzəb davranışa çevrilir. Bu, elmi olaraq impuls nəzarətinin zəifliyidir. Amma biologiya tək deyil. Ailə mühiti burada çox güclü rol oynayır. Uşaq əgər evdə davamlı təzyiq, anlaşılmamaq, ya da emosional laqeydlik görürsə, bu, onun daxilində yığılan gərginliyi artırır. Bəzən bu gərginlik səssiz qalır, bəzən isə partlayış formasında çıxır. Maraqlıdır ki, həddindən artıq sərt nəzarət də, tam nəzarətsizlik də eyni nəticəyə gətirib çıxara bilir. Uşaq öz emosiyalarını sağlam şəkildə ifadə etməyi öyrənmir. Məktəb mühiti də bu zəncirin vacib hissəsidir. Dərs yükünün çox olması, davamlı müqayisə, uğur üzərindən dəyər verilməsi, müəllim-şagird münasibətlərində psixoloji məsafə, bunlar uşağın daxili təzyiqini artırır. Üzərinə həmyaşıdlar arasında qəbul olunmaq istəyi, bəzən bullinq və sosial təcrid də əlavə olunanda, uşaq özünü sıxılmış vəziyyətdə hiss edir. Belə vəziyyətdə aqressiya onun üçün bir növ “çıxış yolu” kimi görünə bilər. Sosial mühitdə zorakılığın normallaşması da unudulmamalıdır. Uşaq gördüyünü öyrənir. Əgər güc, təzyiq və aqressiya tez-tez müşahidə etdiyi davranışdırsa, o zaman bunu problem yox, normal reaksiya kimi qəbul etməyə başlayır. Bu artıq fərdi yox, kollektiv psixologiyanın məsələsinə çevrilir”.
Müsahibimiz qeyd edib ki, burada əsas sual “niyə belə oldu?” yox, “bu nöqtəyə necə gəldi?” olmalıdır:
“Çünki bu cür hadisələr bir anın yox, uzun müddət yığılan təsirlərin nəticəsidir. Əgər biz yalnız nəticəyə reaksiya versək, problem qalacaq. Amma prosesi görsək, həm ailədə, həm məktəbdə, həm də cəmiyyətdə, o zaman bu aqressiyanın qarşısını almaq daha real olar. Ona görə də insanların psixoloji maariflənməsi lazımdır. İnsanlar bilməlidir ki, hər hansı anormal bir hal baş verirsə, uzun müddət balans pozulursa nəticələr nəzarətdən çıxması gözləniləndir. Uşaqların özünə qapanması, aqressivliyi və s. davranışları müşahidə olunan zaman səbəblərini araşdırmaq və həll etmək lazımdır”.













