“Peşə təmayüllü siniflər” layihəsi üzrə yaxın günlərdə vakansiya elan olunacaq.
Gündəm24.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov deyib.
Onun sözlərinə görə, işə qəbul əsasən iki – qrup rəhbəri və peşə ixtisası sahələri üzrədir: “60-dək məktəb üzrə qrup rəhbəri, 150 nəfərədək də ixtisas müəlliminin işə götürülməsi planlaşdırılır. Hər sahə üzrə namizədlər imtahana cəlb edilirlər”.
Yaxın günlərdə qeydiyyat mərhələsinə başlanacağını deyən layihə rəhbərinin sözlərinə görə, müəyyən edilmiş meyarlara uyğun gələn namizədlər imtahana dəvət olunacaqlar:
“İşə qəbul zamanı namizədlərin peşəkar bilik və bacarıqları, ixtisas bilikləri meyarlar əsas götürülür”.
Maraqlıdır, hər iki vakansiya üzrə imtahan sualları necə hazırlanır?
Layihə rəhbəri bildirib ki, ixtisas müəllimlərinin imtahanında namizədlərə 60 sual təqdim olunur:
“Namizədlər müvafiq ixtisas üzrə nəzəri 35 sual, pedaqogika üzrə 10 sual, əməyin təhlükəsizliyi üzrə 5 sual, kurikulum üzrə 5 sual, metodika üzrə 5 suala cavab verməlidirlər. Qrup rəhbərlərinin imtahanında isə namizədlərə dünyagörüşü üzrə 20 sual, praktiki informatika üzrə 20 sual, pedaqogika üzrə 10 sual, kurikulum üzrə 5 sual və metodika üzrə 5 sual təqdim olunur”.
“Peşə təmayüllü siniflər” layihəsi üçün keçirilən imtahanlarda keçid balı da yoxdur:
“İmtahan nəticələrinə əsasən, hər vakant yer üzrə ən yüksək nəticə göstərən ilk üç namizəd müsahibə mərhələsində iştirak edir. Müsahibəni uğurla başa vuran namizədlərlə əmək müqaviləsi bağlanılır. Müsahibədə digər namizədə nisbətən aşağı bal toplamış digər uğurlu namizəd ehtiyat bazasına əlavə olunur. Tədris ili müddətində vakant yer yaranarsa, həmin namizədlər dəyərləndirilir”.
Sertifikatlaşdırmada uğursuz nəticə göstərənlər təmayül siniflərdə dərs aparmaq üçün müraciət edə bilərlər?
Arif Pənahovun sözlərinə görə, nəinki sertifikasiya imtahanında uğursuz olmuş, ümumiyyətlə, hazırda pedaqoji sahədə fəaliyyət göstərməyən vətəndaşlar da “Peşə təmayüllü siniflər”də çalışmaq üçün müraciət edə bilərlər. Qrup rəhbəri vəzifəsi üzrə müraciət edən namizədlərin ali təhsilli olması kifayətdir. İxtisas müəllimi vəzifəsi üzrə müraciət edən namizədlərdən isə minimum peşə təhsilinə malik olmaları tələb edilir. Hər iki vəzifə üzrə pedaqoji təcrübənin olması arzuolunandır.














