“Bu gün kənd təsərrüfatı artıq yalnız torpaq, su və ənənəvi istehsal amilləri ilə məhdudlaşan bir sahə deyil. Müasir kənd təsərrüfatı texnologiyanın, elmin, məlumatların, maliyyənin və səmərəli idarəetmənin qovuşduğu, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında həyati rol oynayan bir iqtisadi fəaliyyət sahəsinə çevrilib”.
Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyadaetimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda paneldə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, qlobal iqlim dəyişikliyi, təbii ehtiyatlara artan təzyiq, təchizat zəncirindəki dəyişikliklər və əhali artımı yeni yanaşmaları zəruri edir:
“Əsas hədəf sadəcə daha çox istehsal etmək deyil, mövcud resurslardan daha səmərəli istifadə etməklə daha məhsuldar, davamlı və yüksək əlavə dəyər yaradan kənd təsərrüfatı sistemini qurmaqdır. Azərbaycan özünün kənd təsərrüfatı sektorunun inkişafına məhz bu prizmadan yanaşır.
Azərbaycanın kənd təsərrüfatı sektoru diqqətəlayiq tərəqqi nümayiş etdirib. Son 10 il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı real ifadədə 37,8 faiz, balıqçılıq məhsullarının istehsalı isə 2,7 dəfə artıb. Azərbaycan bir sıra yüksək dəyərli məhsullar üzrə özünü təminetmə səviyyəsinə çatıb, eyni zamanda beynəlxalq bazarlardakı mövqeyini möhkəmləndirib. Bu gün ölkəmiz fındıq, xurma, şaftalı və nektarin, eləcə də çiyələk, albalı, pomidor və pambıq mahlıcı kimi məhsulların aparıcı qlobal istehsalçıları və ixracatçıları sırasındadır”.
![]()
Nazir qeyd edib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının müasirləşdirilməsi, fermerlərin müasir texnologiyalara çıxışının genişləndirilməsi və dəyər zəncirinin inkişafı istiqamətində mühüm addımlar atılıb:
“Bu siyasətin növbəti mərhələsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə müəyyən olunub. Dövlət Proqramının əsas prioritetlərindən biri rəqabət qabiliyyətinin artırılması və intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir. İlk prioritet məhsuldarlığın və resurs səmərəliliyinin artırılmasıdır. Dəqiq kənd təsərrüfatı, peyk məlumatları, məsafədən zondlama, sensorlar, dronlar, ağıllı suvarma və süni intellekt fermerlərin torpaq, su və bitkiləri idarəetmə üsulunu köklü şəkildə dəyişə bilər. Su ehtiyatlarından səmərəli istifadə Azərbaycan üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Hazırda təxminən 130 min hektar sahədə müasir suvarma sistemləri tətbiq olunur və hədəfimiz 2030-cu ilədək bu göstəricini 300 min hektara çatdırmaqdır. Bu, həm məhsuldarlığı, həm də iqlimə davamlılığı dəstəkləyəcəkdir. İkinci prioritet güclü rəqəmsal və innovasiya ekosisteminin qurulmasıdır. Nazirliyin kənd təsərrüfatında süni intellekt təşəbbüsü vasitəsilə peyk məlumatlarını, hava və iqlim göstəricilərini, təsərrüfat məlumatlarını, sensorları və digər rəqəmsal texnologiyaları bir araya gətirmək və onları fermerlər üçün praktiki həllərə çevirmək istiqamətində işlər aparılır. Hava və iqlim məlumatlarını təmin edən 180-dən çox stansiya kənd təsərrüfatı informasiya infrastrukturumuzun inkişafına inteqrasiya olunur. Lakin texnologiya özlüyündə son məqsəd deyildir. Onun əsl dəyəri fermer təsərrüfatına çatdıqda — fermerə sudan daha səmərəli istifadə etməyə, riskləri erkən mərhələdə müəyyənləşdirməyə, xərcləri azaltmağa və daha düzgün qərarlar qəbul etməyə kömək etdikdə başlayır.
M.Məmmədov həmçinin, diqqətə çatdırıb ki, daha yüksək əlavə dəyərin yaradılması da prioritetlərdəndir:
“İnvestisiya imkanları yalnız ilkin istehsal çərçivəsində məhdudlaşmamalıdır. Müasir emal, saxlanma, soyuq zəncirlər, logistika, çeşidləmə və qablaşdırma kənd təsərrüfatında yaranan dəyərin daha böyük hissəsinin ölkə daxilində qalmasına imkan verməklə yanaşı, kənd yerlərində yeni biznes və məşğulluq imkanları yarada bilər. Məqsədimiz istehsaldan emala, emaldan logistikaya və logistikadan daxili və beynəlxalq bazarlara qədər rəqabətqabiliyyətli dəyər zəncirlərini inkişaf etdirməkdir.
Bu, həmçinin qlobal təchizat zəncirlərinə inteqrasiya və investor tərəfdaşlıqları üçün zəmin yaradır”.














