“Putinin Çinə səfəri, bildiyim qədərilə, öncədən nəzərdə tutulmamışdı. Bu səfər sanki bir anda gündəmə gəldi və daha çox Amerika-Çin münasibətləri fonunda reallaşdı”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərini şərh edərkən dedi.
Onun sözlərinə görə, ABŞ Preizdenti Dobnald Trampın Çinə səfəri müəyyən mənada Rusiyanı da hərəkətə gətirdi:

“Putin, necə deyərlər, apar-topar Çinə getdi. Təbii ki, onların dediyi və demədiyi bir çox məsələlər, yəqin ki, müzakirə olunur. Əsas məsələ yenə də dünya düzəni məsələsidir, Amerika-Çin anlaşması, razılaşması və Rusiyanın burada yeri, mövqeyi, maraqlarının necə reallaşacağı və necə təmin olunacağıdır. Yəqin ki, Putin bu məsələləri Si Cinpinlə müzakirə etməyə çalışır. Digər tərəfdən, Rusiyanın Avropa və Amerika ilə ciddi problemləri, sıxıntıları var, Ukrayna müharibəsindədir. Yəqin ki, Çinin dəstəyi Rusiya üçün əvəzedilməzdir. Böyük ehtimalla, bu məsələlər də müzakirə olunur. Eyni zamanda Rusiya Çin üçün zəngin xammal mənbəyidir və bu məsələ də gündəmdədir. Nəhayət, görünür, Si Cinpin üçün də Putinin orada iştirakı vacib idi, yəni Çinin bir mərkəz kimi görünməsi önəm daşıyırdı. Məncə, səfərin səbəblərindən biri də məhz budur”.














