Azərbaycan xalqı, eləcə də Qərbi Azərbaycan ictimaiyyəti ağır itki ilə üzləşmişdir. Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində dünyaya göz açmış görkəmli dövlət xadimi, yazıçı-dramaturq, publisist, diplomat və ictimai xadim Hidayət Orucovun vəfatı dərin hüznlə qarşılanır.
Hidayət Orucov mənalı ömrünü Azərbaycan dövlətinə, xalqına, milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına və Qərbi Azərbaycan həqiqətlərinin yaşadılmasına həsr etmiş görkəmli şəxsiyyətlərdən biri idi. O, doğulduğu torpaqlardan ayrı düşsə də, ömrünün sonuna qədər Qərbi Azərbaycan sevgisini qəlbində yaşatdı, ata-baba yurdunun həsrətini çəkdi və bu ağrını öz yaradıcılığında, ictimai fəaliyyətində yaşatdı.
Hidayət müəllim Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi prosesində də mühüm xidmətlər göstərmişdir. Müstəqilliyimizin ilk illərində ölkənin mürəkkəb və taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq dövlət quruculuğu prosesində fəal iştirak etmiş, Azərbaycançılıq ideologiyasının təbliği, milli həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik dəyərlərinin qorunması istiqamətində yorulmadan çalışmışdır. Onun dövlətə sədaqəti, peşəkarlığı və yüksək ziyalılığı hər zaman hörmətlə qarşılanmışdır.
Hidayət Orucovun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatının qiymətli səhifələrindən biridir. Onun qələmə aldığı əsərlər içərisində xüsusi yer tutan “Burdan min atlı keçdi” əsəri Qərbi Azərbaycan həqiqətlərinin bədii salnaməsi kimi böyük əhəmiyyət daşıyır. Bu əsərdə müəllif öz doğma torpaqlarından didərgin salınmış insanların taleyini, yurd həsrətini, milli yaddaşı və tarixi həqiqətləri böyük ustalıqla əks etdirmişdir. Əsər təkcə ədəbi nümunə deyil, həm də Qərbi Azərbaycana qayıdış ideyasının, yurd sevgisinin və milli ruhun təntənəsidir.
Hidayət müəllim həm də İrəvan Azərbaycan Dövlət Dram Teatrının inkişafında, Qərbi Azərbaycan mədəniyyətinin yaşadılmasında və təbliğində əvəzsiz xidmətlər göstərmişdir. Onun fəaliyyəti sayəsində yüzlərlə insan Qərbi Azərbaycanın tarixini, mədəniyyətini və həqiqətlərini daha yaxından tanımışdır.
Şəxsən mənim üçün Hidayət müəllimin vəfatı çox ağır itkidir. Onunla son görüşüm Sumqayıt Dövlət Dram Teatrında “Burdan min atlı keçdi” əsərinin tamaşası zamanı olmuşdu. Həmin gün uzun müddət söhbət etdik. Qərbi Azərbaycandan, doğma yurdlarımızdan, xalqımızın taleyindən danışdıq. Söhbət əsnasında hiss olunurdu ki, doğma kəndinə olan sevgisi və bağlılığı heç vaxt azalmayıb.
Hidayət müəllimin ən böyük arzularından biri doğulduğu Mehri rayonunun Maralzəmi kəndini bir daha görmək idi. O, uşaqlıq illərinin keçdiyi torpaqlara qayıtmaqdan, ata-baba yurdunu ziyarət etməkdən, o yerlərin havasını yenidən duymaqdan böyük həsrətlə danışırdı. Təəssüf ki, bu arzu həyata keçmədi. Lakin onun bütün yaradıcılığı, həyat yolu və fəaliyyəti doğma yurda qayıdış amalına xidmət etdi.
İnanıram ki, gələcək nəsillər Hidayət Orucovu yalnız görkəmli dövlət xadimi və yazıçı kimi deyil, həm də Qərbi Azərbaycanın haqq səsinin daşıyıcısı, doğma torpaqlarına son nəfəsinə qədər bağlı qalan bir vətən övladı kimi xatırlayacaqlar.
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyi adından mərhumun ailəsinə, xüsusilə oğlu Zəfərbəyə, yaxınlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, Uca Allahdan ona rəhmət diləyirəm.
Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun.
Ramiz İsmayılov
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin sədri













