15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində tədbir keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin üzvləri , ziyalılar, ictimai fəallar, gənclər və icma üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin sədri Ramiz İsmayılov Milli Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə hökm sürən siyasi böhranı aradan qaldıraraq Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edib, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. Ramiz İsmayılov vurğulayıb ki, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz həmin dövrdə müəyyənləşdirilən inkişaf strategiyası dayanır.
Daha sonra çıxış edən Akif Şahbazov Milli Qurtuluş Gününün xalqımızın taleyində dönüş nöqtəsi olduğunu qeyd edərək bildirib ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik və inkişaf təmin olunub, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib.
Səməd Əhmədov çıxışında Ümummilli Liderin dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Xankərəm Vəliyev qeyd edib ki, Azərbaycanın güclü dövlətə çevrilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. O, xüsusilə milli həmrəyliyin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin formalaşdırılmasında Ümummilli Liderin rolundan danışıb.
Sevindik Hüseynov çıxışında Milli Qurtuluş Gününün yalnız tarixi hadisə deyil, həm də xalqın gələcəyə inamının bərpası günü olduğunu bildirib. O, Azərbaycan dövlətinin inkişaf yolunun məhz həmin tarixdən başladığını qeyd edib.
Mehriban İsmayılova çıxışında Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin tarixi xidmətlərindən danışaraq, gənc nəslin bu irsi dərindən öyrənməsinin vacibliyini diqqətə çatdırıb.
Mehman Adıgözəlov isə çıxışında Milli Qurtuluş Gününün milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri olduğunu vurğulayıb, Azərbaycanın bu gün regionun lider dövlətinə çevrilməsində Ümummilli Liderin müəyyən etdiyi strateji inkişaf xəttinin böyük rol oynadığını bildirib.
Çıxışlarda həmçinin Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış ideyasının ölkəmizdə həyata keçirilən milli siyasətin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilib.
Tədbirin sonunda iştirakçılar Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıdığını vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin bundan sonra da xalqımıza və dövlətimizə xidmət edəcəyini bildiriblər.








































