56-cı Beynəlxalq Fizika Olimpiadasının (IPhO) medalçıları Zeynəb Məhəmmədli və Bəxtiyar Ağayev Sumqayıt Dövlət Universitetində (SDU) rektor Nurəli Yusifbəyli ilə görüşüblər.
Sumqayit24.az xəbər verir ki, rektor olimpiada qaliblərini təbrik edib, beynəlxalq yarışlarda əldə olunan uğurların istedadlı gənclərin, müəllim əməyinin və ölkədə yaradılan müasir təhsil mühitinin nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, bu nailiyyətlər Azərbaycanın elmi nüfuzunun möhkəmlənməsinə və gənclərin elmə marağının artmasına töhfə verir.
Rektor qalibləri SDU-da həyata keçirilən elmi-tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq layihələrində iştirak etməyə dəvət edib.
Görüşdə olimpiada qaliblərinin gələcək təhsil planları və elmi maraqları müzakirə olunub, onların uğurlarında əməyi olan müəllim və valideynlərə təşəkkür bildirilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.














