Sumqayıtın istirahət guşələrində MAARİFLƏNDİRMƏ
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi (RM) tərəfindən fövqəladə hallarla bağlı davranış qaydalarının təbliği məqsədilə maarifləndirmə tədbirləri keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbirlər Sumqayıt şəhərində yerləşən parklar, yaşıllıq əraziləri və istirahət mərkəzlərində, habelə Abşeron rayonu, Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçasında təşkil olunub.
Maarifləndirmə tədbirlərinin əsas məqsədi vətəndaşlara baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı düzgün davranış qaydalarını aşılamaq olub.
Tədbirlər zamanı iştirakçılara fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, eləcə də yanğın və zəlzələ zamanı görülməli tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda vətəndaşları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.//sumqayıt24.az














