Qərbi Azərbaycanın tarixi abidəsi – Təpəbaşı məscidi
Təpəbaşı məscidi Qərbi Azərbaycanın tarixi İrəvan şəhərinin Təpəbaşı məhəlləsində yerləşən məşhur məscidlərdən biri idi. Bəzi mənbələrdə məscidin 1687-ci ildə inşa edildiyi göstərilsə də, onun dəqiq tikilmə tarixi məlum deyil. Araşdırmalara əsasən, məscid ən geci XIX əsrin 40-cı illərində mövcud olub və ehtimal edilir ki, XVII–XVIII əsrlərə aiddir. Bəzi mənbələrdə onun Abbasqulu xan İrəvanskinin göstərişi ilə tikildiyi qeyd olunur.

Məscid tamamilə kərpicdən tikilmişdi. Əsas günbəzi rombvari naxışlı şirli mozaika plitələrlə bəzədilmiş, divarlarının qalınlığı isə təxminən 1,5 metr idi. Memarlıq xüsusiyyətlərinə görə İrəvanın diqqətəlayiq dini abidələrindən hesab olunurdu.

Təpəbaşı məscidi uzun illər İrəvan müsəlmanlarının ibadət və dini maarifçilik mərkəzi olmuşdur. Məscidin həyətində çayxana fəaliyyət göstərir, məhəllə sakinləri burada toplaşırdılar.
XX əsrdə məscid ciddi dağıntılara məruz qaldı. Minarəsi 1960-cı illərdə uçdu, sonrakı dövrlərdə həyətində və ətrafında müxtəlif tikililər inşa edildi. Hazırda məscidin yalnız qalıqları haqqında tarixi mənbələrdə məlumat saxlanılır.


Təpəbaşı məscidi İrəvanın tarixini və memarlıq irsini əks etdirən mühüm dini abidələrdən biri kimi xatırlanır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















