Bakıda üzüm yarpaqlarını zibil qutusunun kənarına atan şəxs cərimə olunub.
Bakupost.az xəbər verir ki, vətəndaş sosial şəbəkədə yazaraq cərimənin qanuni olub-olmadığını soruşub.
Onun sözlərinə görə, həyat yoldaşı yarpaqları zibilin kənarına atan zaman sahə polisi video çəkib. Daha sonra polis onların evinə gələrək 300 manat cərimə tətbiq edildiyini bildirib.
“Bölmədə 150 manat aldılar”, – deyə vətəndaş qeyd edib.
O həmçinin bildirib ki, daha əvvəl MTK işçiləri belə tullantıları kənara qoymağı tövsiyə ediblər:
“Bizə deyiblər ki, yarpaqları kənara qoyun, qurusun, sonra yığılacaq. Əgər bu yeni qaydadırsa, niyə heç bir xəbərdarlıq olmayıb? Bu nə dərəcədə qanunidir?”
Məsələ ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Babək Umudov bildirib ki, tullantıları konteynerdən kənara atmaq qanunla qadağandır və buna görə cərimə tətbiq olunur:
“İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir”.
Hüquqşünas vurğulayıb ki, qanunu bilməmək məsuliyyətdən azad etmir:
“Sözügedən vətəndaş yetkinlik yaşına çatıb, anlaqlı olub. Başqa sözlə, vətəndaşın məsuliyyətini aradan qaldıran hal görünmür. MTK-nın vətəndaşa ağac, yarpaq kimi tullantıları kənara qoy kimi göstərişi də qanunsuzdur. Ancaq bu göstərişə əməl etməmək vətəndaşın iradəsindən asılıdır. Hər kəsi ətraf mühitə hörmətlə yanaşmağa, ətraf mühiti qorumağa dəvət edirəm”.














