Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

YURDUNU ÜRƏYİNDƏ DAŞIYAN ADAM – HİDAYƏT ORUCOV

05/09/2026 11:00
CƏMİYYƏT, Manşet, Özəl, Qərbi Azərbaycan
867 26
YURDUNU ÜRƏYİNDƏ DAŞIYAN ADAM – HİDAYƏT ORUCOV
739
Paylaşım sayı
1k
Baxış sayı

Bu gün görkəmli dövlət xadimi, yazıçı-dramaturq, diplomat və böyük ziyalı Hidayət Orucovun 82 yaşı tamam olmalı idi.

Bəzi insanlar dünyaya gəlir və bir ömür yaşayırlar. Bəzi insanlar isə dünyaya gəlir, bir ömür yaşamaqla kifayətlənmir, özlərindən sonra bir yol, bir iz, bir yaddaş qoyub gedirlər. Hidayət Orucov məhz belə şəxsiyyətlərdən idi. Onun ömrünü yalnız tutduğu vəzifələrin siyahısı ilə ifadə etmək mümkün deyil. Çünki Hidayət Orucov dövlət xadimi olmaqdan əvvəl yurd adamı, yazıçı olmaqdan əvvəl milli yaddaşın daşıyıcısı, diplomat olmaqdan əvvəl isə Azərbaycanın ağrısını və sevgisini ürəyində yaşadan bir ziyalı idi.

O, 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Maralzəmi kəndində dünyaya gəlmişdi. Həmin kənd onun üçün sadəcə doğum yeri deyildi. Maralzəmi onun uşaqlığı, ilk xatirələri, ata-baba ocağı, dağları, yolları, insanları və ömrünün sonuna qədər qəlbində gəzdirdiyi böyük bir həsrət idi. Bəlkə də Hidayət müəllimi başa düşmək üçün onun tutduğu vəzifələrdən çox, Maralzəmi haqqında necə danışdığına qulaq asmaq lazım idi. Çünki o danışanda bir dövlət xadimi yox, doğma kəndinin yollarını xatırlayan bir yurd oğlu danışırdı.

O, Qərbi Azərbaycanın səsini susdurmadı. Hidayət Orucovun həyat yolu bütövlükdə milli yaddaşa xidmət nümunəsidir. İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etdiyi illər onun həyatının ən mühüm mərhələlərindən biri oldu. 1968-ci ildən 1984-cü ilə qədər bu teatrın rəhbəri kimi fəaliyyət göstərən Hidayət müəllim Azərbaycan mədəniyyətinin, ana dilinin və milli ruhun yaşadılması üçün böyük işlər gördü. O dövrü bu günün rahatlığı ilə qiymətləndirmək asandır. Amma o illərdə İrəvanda Azərbaycan teatrına rəhbərlik etmək sadəcə bir vəzifə deyildi. Bu, milli mədəniyyətin qorunması, Azərbaycan sözünün yaşadılması, Azərbaycan insanının öz kimliyini unutmaması demək idi.

Onun Qərbi Azərbaycan mövzusundakı yaradıcılığı isə ayrıca bir mənəvi xəzinədir. “Burdan min atlı keçdi” əsəri bunun ən parlaq nümunələrindən biridir. Bu əsərdə yurd həsrəti, insan taleyi və milli yaddaş bir-birinə qarışır. Hidayət müəllim Qərbi Azərbaycanın yalnız tarixini yazmırdı, o torpaqların ruhunu yaşatmağa çalışırdı. Bəlkə də buna görə onun yazdıqları oxunanda insan sadəcə bir kitab oxumur. İnsanın gözünün önündə bir yurd canlanır.

Dağlar görünür.

Kənd yolları görünür.

Köhnə həyətlər, bulaqlar, məktəblər, məscidlər, qəbiristanlıqlar, uşaqlıq xatirələri görünür.

Və bütün bunların içindən bir səs gəlir:

“Yurdumu unutmadım…”

Son görüşümüz…

Hidayət müəllimlə son görüşüm isə mənim yaddaşımda ömrümün sonuna qədər yaşayacaq. Bu görüş Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi ilə birlikdə Sumqayıt Dövlət Dram Teatrında “Burdan min atlı keçdi” əsərinin səhnələşdirilməsi zamanı baş tutdu. Həmin gün bizim üçün sadəcə teatr tamaşası deyildi. Səhnədə bir əsər göstərilirdi, amma əslində səhnənin arxasında bütöv bir tarix dayanırdı.

Qərbi Azərbaycanın ağrısı, yurd həsrəti, deportasiya olunmuş insanların taleyi və illərlə ürəklərdə daşınan qayıdış ümidi…

Tamaşadan sonra Hidayət müəllimlə xeyli söhbət etdik. Mən onun danışığını diqqətlə dinləyirdim. Vəzifələrindən, keçmişindən, dövlət xidmətlərindən danışa bilərdik. Amma söhbət yenə gəlib Qərbi Azərbaycana çıxdı. Yenə gəlib Mehriyə çıxdı. Yenə gəlib Maralzəmiyə çıxdı. Və mən həmin söhbətdə bir daha anladım ki, insan doğulduğu torpaqdan uzaqda yaşaya bilər, amma torpağı ürəyindən çıxara bilməz.

Hidayət müəllim Qərbi Azərbaycandan danışanda səsində tamam başqa bir çalar yaranırdı.

Orada rəsmi ifadələr yox idi.

Orada protokol dili yox idi.

Orada diplomat dili yox idi.

Orada bir yurddaşın, bir kənd oğlunun, bir ata-baba ocağının həsrətini yaşayan insanın səsi var idi.

Onun bir arzusu vardı…

Hidayət müəllimin ən böyük arzularından biri doğma torpaqlarına qayıtmaq, Mehriyə, Maralzəmiyə getmək idi. O, doğulduğu yerləri bir daha görmək istəyirdi. Uşaqlığının keçdiyi torpaqlara ayaq basmaq istəyirdi. Bəlkə də illər sonra doğma kəndinin havasını bir daha ciyərlərinə çəkmək, dağlarına baxmaq, uşaqlıq yollarında addımlamaq istəyirdi. Amma həyatın ən ağır tərəfi də budur… Bəzən insan ömrü boyu bir arzunun yolunu gözləyir, amma həmin arzuya çatmaq taleyinə yazılmır. Hidayət müəllimin də bu arzusu ürəyində qaldı.

O, Maralzəmiyə gedə bilmədi. Amma Maralzəmi onun içindən heç vaxt çıxmadı. O, doğma kəndinə gedə bilmədi, amma doğma kəndini ömrünün sonuna qədər özü ilə daşıdı. Bəlkə də insan üçün bundan böyük yurd sevgisi yoxdur. Hidayət müəllim Qərbi Azərbaycanın yaddaşında yaşayacaq.

Bu gün onun 82 yaşı tamam olmalı idi. Biz bu günü yubiley kimi qeyd edə bilmirik. Çünki Hidayət müəllim artıq aramızda yoxdur. Amma onun adı var. Əsərləri var. Xatirələri var. Yetirdiyi insanlar var. Azərbaycan mədəniyyətinə, dövlətçiliyinə və diplomatiyasına verdiyi töhfələr var.

Və ən əsası, Qərbi Azərbaycan yaddaşında qoyduğu böyük iz var.

Bu gün Qərbi Azərbaycan İcmasının hər bir üzvü üçün Hidayət Orucovun adı xüsusi məna daşıyır. Çünki o, Qərbi Azərbaycanın ağrısını yalnız danışmadı.

O ağrını yazdı.

O ağrını səhnəyə gətirdi.

O ağrını dövlətçilik müstəvisində yaşatdı.

O ağrını ədəbi yaddaşa çevirdi.

Və ən əsası, doğulduğu torpağa olan sevgisini ömrünün sonuna qədər qorudu.

Bir insanın ömrü bitir, amma yurdu ilə bağlı sözü bitmir

Hidayət müəllim artıq aramızda deyil.

Amma mən əminəm ki, bir gün Qərbi Azərbaycan kəndlərinin yolları yenidən insan səsləri ilə dolacaq.

Bir gün Maralzəminin yollarında doğma yurduna qayıdan insanların ayaq səsləri eşidiləcək.

Bir gün o kəndlərin bulaqları yenidən öz suyunu doğma insanlarına təqdim edəcək.

Və həmin gün Hidayət Orucovun adı da xatırlanacaq.

Deyiləcək ki:

Bu torpaqları unutmayın deyənlərdən biri də Hidayət idi.

O, ömrü boyu yurdunu axtardı.

Yurduna qayıtmaq arzusu ilə yaşadı.

Amma bəlkə də ən böyük qayıdış onun əsərləri ilə oldu.

Çünki o, Qərbi Azərbaycanın kəndlərini, insanlarını, xatirələrini, ağrılarını və sevgisini ədəbiyyata gətirdi.

Və ədəbiyyata gətirilən yurd artıq heç vaxt ölmür.

Bu gün Hidayət müəllimin doğum günündə onu dərin ehtiramla yad edirəm.

Onunla son görüşümüzün Sumqayıt Dövlət Dram Teatrında, “Burdan min atlı keçdi” əsərinin səhnələşdirilməsi zamanı olması da mənim üçün xüsusi bir təsadüf, bəlkə də bir taleyin işarəsidir.

Çünki Hidayət müəllimin ömrü də, yaradıcılığı da, arzuları da Qərbi Azərbaycanla bağlı idi.

Son görüşümüz də Qərbi Azərbaycan haqqında danışmaqla yadda qaldı.

O, dünyadan köçdü.

Amma yurd sevgisi onunla birlikdə köçmədi.

O sevgi bu gün bizim ürəyimizdədir.

Bizim yaddaşımızdadır.

Bizim mübarizəmizdədir.

Və əminəm ki, gələcək nəsillərin də yaddaşında yaşayacaq.

Hidayət müəllim, doğum gününüz mübarək olsun.

Sizi bu gün yaşadığınız illərlə deyil, xalqınıza, dövlətinizə, ədəbiyyatımıza və doğma yurdunuza verdiyiniz ömürlə xatırlayırıq.

Sizin üçün ən böyük arzu olan Qərbi Azərbaycan arzusu bizim də arzumuzdur.

Sizin Maralzəmi həsrətiniz bizim də yaddaşımızdır.

Sizin yurd sevgınız bizim də məsuliyyətimizdir.

Allah rəhmət eləsin.

Ruhu şad, məkanı cənnət olsun.

Ramiz İsmayılov
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin sədri

Oxşarxəbərlər

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR
Manşet

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır
CƏMİYYƏT

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ
Hadisə

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi
Manşet

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
971
Ceyran Haşımova mirasını açıqladı
Manşet

Ceyran Haşımova mirasını açıqladı

20/10/2026 16:15
955
Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam
Manşet

Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam

20/10/2026 16:07
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
971

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.