“ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri fonunda avropalılar təcili olaraq ittifaq daxilində müstəqil şəkildə hərəkət edə bilən öz müdafiə strukturlarını yaratmalıdırlar”.
Bu fikri Brüsseldə yerləşən Eqmont Beynəlxalq Münasibətlər İnstitutunun direktoru vəzifəsini icra edən professor Sven Biskop Honkonqun “South China Morning Post” qəzetinə verdiyi müsahibədə bildirib.
Maraqlıdır, Avropa ölkələri NATO-dan kənar alternativ müdafiə mexanizmləri yarada bilərmi və bu nə dərəcədə realdır?
Politoloq Qədir Aslanlı Sfera.az-a açıqlamasında bildirib ki, avropalılar uzun illərdir çalışırlar ki, ABŞ-nin hərbi çətiri altından çıxsınlar. Onun sözlərinə görə, nəhayət avropalılar bununla bağlı konsepsiya və strategiya işləyib hazırladılar:

“Bunun adı strateji avtonomiyadır. Strateji avtonomiya özündə əsəs müdafiə məsələlərində, iqtisadi məsələlərdə, ticari məsələlərdə və texnoloji məsələlərdə özünə güvənməyi ehtiva edir. Bunun üçün alternativ bazarlar axtarırdılar, alternativ ittifaqlar qururdular. Müxtəlif ölkələrlə, əsas da Çinlə və İranla ittifaq qururdular. Öz çətirlərini yaratmaq istəyirlər. Son dönəmlər Ukrayna üzərinə hücumdan sonra, bu proseslər, bu mövzular yenidən gündəmə gəldi. Avropanın hərbi-sənaye kompleksi yenidən dirçəlməyə başladı. Yeni şirkətlər açıldı. Silah korporasiyaları dəzgahlar qoşdular. Hökümətlərlə yeni müqavilələr bağlandı və güclü istehsal həcmi yarandı. İstehsal həcmi birə-beş artdı. Avropa Birliyi regiondakı təhdidlərdən özünü qorumaq üçün tək NATO-ya yox, öz ordusuna güvənməlidir. Zaman-zaman müxtəlif rəsmilər tərəfindən bu dilə gətirilir. Təbii ki, bu yeni geosiyasi və geostrateji tektonik hərəkətlənmələr zamanı mövzu əsas prioritet mövzuya çevrilir”.
Politoloq qeyd edib ki, bilik yaratmaq Avropa Birliyinin çoxdankı arzusu olub:
“Avropa Birliyi çoxdan gözlədiyi və istədiyi məsələni – Vaşinqtonun və Londonun nəzarətində olmayan bir hərbi birliyi yaratmaq istəyir. Buna da nail olacaq kimi görünür. Çünki, hadisələr ona doğru gedir. Bu ittifaqlar yaranmaqla, Ukrayna məsələsinin həlli üçün çox geniş perspektiv açır. Artıq avropalıların əlində bir arqument var. Əvvəl Vaşinqton onlara qarşı arqument qoyurdu ki, mən buradayam, sizi qoruyuram və sizin orduya ehtiyacınız yoxdur. Artıq Vaşinqton bu arqumenti qoya bilmir. Çünki, onların arasında da gərginlik və ədavət var. Ona görə də, avropalılar öz göbəklərini özləri kəsməyə başlamalıdır. Enerji bazarlarının diversifikasiya edilməsi məsələsində də Avropa Birliyi çox cəld hərəkət edir. Bütün bunlar ona gətirib çıxarda bilər ki, əvvəlcə sülhməramlılar qismində yaranmış Könüllülər Koalisiyası birliyi və Zelenski tərəfindən Ukrayna ərazisində yaranan beynəlxalq legion sonradan tamhüquqlu Avropa birliyi müdafiə qüvvələrinə çevrilə bilər. Buna Avropanın bütün dövlətləri razıdır”.














