Ermənistanda iyunun 7-nə təyin olunan kritik parlament seçkiləri ərəfəsində və Avrasiya İqtisadi İttifaqı (EАЭС) ölkələrinin İrəvana yönəlik birgə tələbləri fonunda Baş nazir Nikol Paşinyan ölkənin xarici siyasət kursu ilə bağlı növbəti sensasion bəyanatını verib. Baş nazir xalqa video müraciətində Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirməsinin hazırkı mərhələdə məntiqsiz olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Nikol Paşinyan tarazlaşdırılmış xarici siyasət mövzusuna toxunaraq Ermənistanın Rusiya ilə münasibətlərə böyük önəm verdiyini və bu əlaqələri inkişaf etdirdiyini vurğulayıb. O, həmçinin rəsmi İrəvanın EАЭС çərçivəsində aktiv fəaliyyət göstərdiyini və bundan sonra da bu istiqamətdə işləri davam etdirəcəyini diqqətə çatdırıb.
Aİ-yə üzvlüklə bağlı müzakirə olunan referendum məsələsinə aydınlıq gətirən Paşinyan Kremlin və ittifaq tərəfdaşlarının təzyiqləri fonunda geri addım siqnalı verib: “Ermənistan rəsmi şəkildə Aİ-yə üzvlük üçün müraciət etməyənə və ya ittifaqa namizədlik statusuna yaxınlaşmayana qədər hər hansı bir referendumun keçirilməsi tamamilə məntiqsizdir. Çünki hazırda bunun üçün, mahiyyət etibarilə, heç bir real hüquqi və siyasi əsas yoxdur”.
Siyasi analitiklər Paşinyanın bu bəyanatını parlament seçkiləri öncəsi EАЭС liderlərinin (Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan) Ermənistandan dərhal seçim etməsini tələb edən birgə bəyanatına qarşı rəsmi İrəvanın gərginliyi azaltmaq və iqtisadi təhlükəsizliyi qorumaq məqsədilə atdığı taktiki gediş kimi qiymətləndirirlər.














