Ukrayna sərhədinə yaxın ərazidə Rumıniyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) ölkədə təhlükəsizlik həyəcanına səbəb olub.
Musavat.com xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, radar sistemləri sərhəd bölgəsində hava məkanına icazəsiz daxil olan PUA-nı aşkarladıqdan sonra NATO Hava Polisi missiyası çərçivəsində növbədə olan iki F-16 qırıcısı havaya qaldırılıb.
PUA daha sonra Ukrayna sərhədinə yaxın, yaşayış olmayan ərazidə zərərsizləşdirilib. Rumıniya prezidenti Nikuşor Dan aparatın Sfantu-Georgedən təxminən 10 kilometr qərbdə vurulduğunu bildirib.
Hadisənin Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda baş verməsi diqqət çəkib. Rumıniya son dövrlərdə Ukraynaya yaxın ərazilərdə PUA-larla bağlı bir sıra insidentlərlə üzləşib. Son hadisədən əvvəl də ölkənin hava məkanına daxil olan başqa bir PUA F-16 tərəfindən vurulmuşdu.
Rumıniya tərəfi hava məkanındakı vəziyyəti izləməyə davam etdiyini və müttəfiqlərlə əlaqələrin saxlanıldığını açıqlayıb.
Musavat.com













