Ermənistanda yenicə başa çatan növbədənkənar parlament seçkilərinin rəsmi nəticələri ətrafında alovlanan kütləvi xalq etirazları, küçə iğtişaşları və daxili siyasi xaos ölkənin keçmiş cinayətkar elitasını tamamilə çarəsiz vəziyyətə salıb. Paytaxt İrəvanda vəziyyətin hər an idarəolunmaz həddə çata biləcəyi və hakimiyyətin hüquqi təmizləmə əməliyyatına başlayacağı barədə xəbərlər gələrkən, Kremlyönümlü revanşist qüvvələrin əsas siması barəsində sensasion məlumat yayılıb.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti, müxalif “Ermənistan” blokunun rəhbəri Robert Köçəryan İrəvanın “Zvartnots” beynəlxalq hava limanından təcili və gizli şəkildə ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Sərhəd-keçid məntəqəsində sabiq dövlət rəhbərinin sənədləri və pasportu bloklanıb, onun ölkədən çıxışına qəti qadağa qoyulub. İstintaq və təhlükəsizlik strukturları sabiq prezidentin hava limanında qandallanmasının hansı konkret cinayət işi ilə bağlı olduğu barədə hələlik rəsmi açıqlama verməkdən yayınırlar. Digər diqqətçəkən pərdəarxası məqam isə ondan ibarətdir ki, bu insidentdən cəmi bir neçə saat əvvəl Robert Köçaryanın rəsmi ofisi onun guya şəxsi işləri ilə bağlı üç günlük müddətə xaricə yollanacağını bəyan etmişdi. Köçəryanın komandası bu qəfil qaçış reysini ört-basdır etməyə çalışsa da, Ermənistan mediası dərhal onun ölkədəki kritik siyasi vəziyyətdən, xüsusən də digər müxalif lider Seyran Ohanyanın həbsindən sonra özünə yönələn həbs dalğasından qaçmağa cəhd göstərdiyini ifşa edib.
Qeyd edək ki, hazırda Ermənistanda Nikol Paşinyanın konstitusiya çoxluğunu itirsə də, təkbaşına hökumət qurmaq legitimliyi qazanması ilə nəticələnən parlament seçkilərinin yekun rəqəmləri ətrafında kəskin hərbi gərginlik mövcuddur. Mərkəzi Seçki Komissiyasının binasını mühasirəyə alan və Kremlin təlimatları ilə hərəkət edən müxalifət qüvvələri ölkədə kütləvi itaətsizlik hərəkatına başladıqlarını elan ediblər. Hakimiyyət orqanları isə dövlət çevrilişinə cəhd göstərən radikal revanşistlərə qarşı ən sərt tədbirlərin görüləcəyini bəyan edib. İrəvandakı bu kəskin daxili qarşıdurma fonunda Köçəryanın həbsi, onun vaxtilə Azərbaycanın Qarabağ bölgəsində törətdiyi dəhşətli hərbi cinayətləri, xüsusən də Xocalı soyqırımındakı birbaşa rəhbərliyini yenidən gündəmə gətirib və onun Bakıya təhvil verilməsi ehtimalını ən yüksək müstəviyə daşıyıb.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Əli Əkbəroğlu qeyd edib ki, Robert Köçəryanın ölkədən qaçmaq istəyərkən hava limanında saxlanılması Ermənistandakı pro-rus cinayətkar klanın və “Qarabağ mafiyası”nın hüquqi baxımdan tamamilə iflas etdiyini göstərir: “Nikol Paşinyanın xalqdan yenidən mandat alması və daxili ordunu tam səfərbər etməsi Köçəryan və Ohanyan kimi müharibə caniləri üçün yolun sonu deməkdir. Seyran Ohanyanın ardından Köçəryanın da sənədlərinin dondurulması göstərir ki, Paşinyan hökuməti ölkədə Rusiyaya bağlı revanşist şəbəkənin kökünü kəsmək üçün qətiyyətli hüquqi addımlar atır. Lakin Azərbaycan ictimaiyyətini və dövlətini düşündürən ən əsas geosiyasi məsələ, Xocalı soyqırımının əsas təşkilatçısı və icraçısı olan, əlləri minlərlə günahsız azərbaycanlının qanına batan Robert Köçəryanın beynəlxalq hüquq müstəvisində Azərbaycana təhvil verilib-verilməyəcəyi reallığıdır”.
Ekspertin sözlərinə görə, regional sülh müqaviləsi və konstitusiya dəyişiklikləri ərəfəsində Köçəryanın Bakıya ekstradisiya olunması mexanizmi tamamilə real siyasi zəminə söykənir: “Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu və Hərbi Prokurorluğu tərəfindən hələ illər öncə Robert Köçəryan barəsində Xocalı qırğınına, terrorizmə və milli ədavətin qızışdırılmasına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rəsmi cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. İndiyə qədər İrəvanda hakimiyyətdə olan qüvvələr daxili siyasi qorxulardan bu canini müdafiə edirdilər. Lakin hazırda Paşinyan Azərbaycanla yekun sülh sazişi imzalamaq, sərhədləri bu yay Türkiyə ilə açmaq və ABŞ-ın birbaşa patronajlıq etdiyi TRIPP (Tramp marşrutu) layihəsinə inteqrasiya olunmaq üçün Bakının bütün fundamental hüquqi tələblərini yerinə yetirmək məcburiyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi diplomatiya artıq vaxtilə Qarabağda separatizmə rəhbərlik edən bir çox caninin Bakı həbsxanalarında mühakimə olunmasını təmin edib. Paşinyan həm ölkə daxilində özünə qarşı dövlət çevrilişi planlayan bu ‘üçbaşlı müxalifət’ liderini birdəfəlik neytrallaşdırmaq, həm də Bakı ilə sülh masasında ən böyük əngəli ortadan qaldırmaq üçün beynəlxalq hüquqi konvensiyalara əsaslanaraq Robert Köçəryanı Azərbaycan ədalət məhkəməsinə təhvil verə bilər. Əgər rəsmi İrəvan bu cəsarətli addımı atarsa, bu, Cənubi Qafqazda tarixi ədalətin bərpası və sülhün ən böyük rəsmi qarantı olacaqdır”, – deyə siyasi ekspert vurğulayıb.














