Yeddilik Qrupunun (G7) enerji nazirləri enerji qiymətlərindəki kəskin dalğalanmalar fonunda daha bir görüş keçirməyi planlaşdırıb. Görüşdə bazarda qiymətləri sabitləşdirmək üçün strateji neft ehtiyatlarından koordinasiyalı şəkildə istifadə imkanları müzakirə olunacaq.
Martın 9-da G7 nazirləri artıq bu məsələ ilə bağlı görüş keçiriblər. Bildirilib ki, tərəflər qlobal enerji təchizatını dəstəkləmək üçün zəruri tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, dünən Londonun ICE birjasında Brent markalı xam neftin 2026-cı ilin may ayı üzrə fyuçerslərinin qiyməti 119 dollara çatdıqdan 24 saat sonra yenidən 90 dollardan aşağı düşüb.
Bəs, G7 ölkələrinin strateji neft ehtiyatlarından istifadə planı bazarda qiymətləri sabitləşdirə biləcəkmi?
Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, G7 ölkələrinin strateji ehtiyatlarını bazara çıxarmaq barədə müzakirələrin başlanması xəbəri neftin qiymətindəki kəskin artımı məhdudlaşdırdı:

“Bu xəbər çıxmamışdan əvvəl neftin qiyməti 120 dollara çatırdı. Hətta 115-119 dollar səviyyələri də müşahidə olunurdu. Xəbər yayıldıqdan sonra neft qiymətləri kəskin şəkildə 100 dolların üzərinə qədər endi. Bundan əlavə dünən axşam Donald Tramp müsahibə verərək qeyd etdi ki, müharibəni tez bir zamanda yekunlaşdırmağa çalışırlar. Ən azından Hörmüz boğazından tam istifadə olunacağını bildirdi. Bu xəbərin fonunda neft bir qədər də ucuzlaşdı və hazırda təxminən 90 dollar ətrafındadır”.
Ekspertin fikrincə, burada əsas məqam ondan ibarətdir ki, əgər müharibə tezliklə yekunlaşarsa, qeyd olunan ölkələrin strateji neft ehtiyatlarını bazara çıxarmaq qərarı neft bazarını stabilləşdirə və qiymətləri aşağı sala bilər:
“Amma əsas şərt Hörmüz boğazındakı vəziyyətin nə qədər tez açılacağıdır. Əgər boğazdakı gərginlik daha uzun müddət davam edərsə, anbarlardakı və rezervuarlardakı neft kifayət etməyə bilər. Yəni həmin ehtiyatlar yalnız müəyyən dövr üçün nəzərdə tutulur”.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli də açıqlama verib. Ekspert hazırda bu məsələnin ABŞ-ni də düşündürdüyünü vurğulayıb və ona görə də Trampın Rusiyaya qarşı sanksiyaların bir hissəsini ləğv edəcəyini bildirib:

“ABŞ Rusiyaya qarşı sanksiyaların bir hissəsini ləğv etmək niyyətindədir və ləğv olunacaq sanksiyalar daha çox enerji resursları ilə bağlıdır. Bu, Qərb ölkələrinin enerji resurslarına olan ehtiyaclarının ödənilməsi baxımından müəyyən qədər vəziyyətin dəyişməsinə səbəb olacaq. Ümumiyyətlə götürdükdə, qiymətlərin qalxmasına, yəni dünya bazarlarında enerji resurslarının bahalaşmasına qarşı da Tramp administrasiyası məhz Rusiya variantını önə çəkir”.













