ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıtmayacağı təqdirdə ölkənin enerji stansiyalarını və körpülərini hədəfə alacaqlarını bildirib.
Sfera.az xəbər verir ki, Tramp ABŞ-ın İrana qarşı həyata keçirdiyi əməliyyatlar və Hörmüz boğazındakı vəziyyətlə bağlı “Fox News”telekanalına müsahibəsində danışıb.
O, İranın ciddi zərbələr aldığını iddia edərək, “Sahil xətti boyunca onların malik olduğu bütün hədəfləri vururuq” deyib.
ABŞ Prezidenti bildirib ki, hücumlar davam edəcək:
“Bu gecə onları çox sərt vuracağıq. Sabah gecə də eyni şəkildə davam edəcəyik. Ondan sonrakı gecə də hücumlar olacaq. Əgər danışıqlar masasına oturmasalar, bütün enerji stansiyalarını və körpülərini məhv edəcəyik”.
Tramp Hörmüz boğazının açıq qalmasının vacibliyini vurğulayaraq ABŞ-ın buna nail olmaq üçün fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, Körfəz ölkələrindən keçid haqqı almağı düşünsə də həmin ölkələrin ABŞ iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmasının daha məqsədəuyğun olduğunu hesab edir.
Tramp İranın Fars körfəzində yerləşən əsas neft ixrac mərkəzlərindən biri olan Xark adasının iki dəfə hədəfə alındığını da iddia edib. O, “Əgər onları kifayət qədər geri çəkə bilsək, adanı da ələ keçirməyi düşünərəm”, – deyə əlavə edib.
ABŞ lideri İranla danışıqların yeganə yolunun güc tətbiqindən keçdiyini müdafiə edərək Vaşinqtonun da məhz bu strategiyanı həyata keçirdiyini bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də İranın enerji obyektləri və körpülərinin hədəfə alına biləcəyi ilə bağlı oxşar açıqlamalar verib. Həmin vaxt mülki infrastrukturun vurulmasının beynəlxalq hüquqa zidd ola biləcəyi və müharibə cinayəti kimi qiymətləndirilə biləcəyi barədə tənqidlər səsləndirilib bu variant həyata keçirilməyib.














