Amerikalı sahibkar Mark Savaya ABŞ prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk edib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 23-nə planlaşdırılan Bağdad rəsmiləri ilə danışıqları əvvəlcədən ləğv edib.
“Savaya ölkədə əsas vəzifələrlə, o cümlədən 2006-cı ilin mayından 2014-cü ilin avqustunadək baş nazir vəzifəsini icra etmiş Nuri əl-Malikinin yenidən baş nazir postuna seçilməsi ehtimalı ilə bağlı məsələlərdə “pis idarəetmə” səbəbindən vəzifəsini itirmiş ola bilər”, – deyə agentlik vurğulayıb.
Məlumata görə, hazırda Trampın Suriya üzrə xüsusi nümayəndəsi olan Tom Barrak Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edə bilər.














