Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-dəki dünən axşamkı çıxışında Təhlükəsizlik Şurasında daimi üzvlük və veto hüququnun ləğv edilməsi ilə bağlı çağırışı Moskvanın sərt reaksiyası ilə qarşılaşıb.
Gündəm24.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Təhlükəsizlik Şurasının daimi üzvləri institutunu və veto hüququnu təşkilatın strukturunun mühüm elementi hesab etdiyini bildirib.
Beləliklə, Ankara ilə Moskvanın BMT islahatının əsas məsələlərindən biri üzrə mövqelərinin ciddi şəkildə fərqləndiyi bir daha ortaya çıxıb.

Ərdoğanın fikrincə, BMT Təhlükəsizlik Şurasının heç bir üzvü dünya ölkələrinin böyük əksəriyyətinin mövqeyini təkbaşına bloklamaq imkanına malik olmamalıdır. O, bu baxımdan veto mexanizminin aradan qaldırılmasını təklif edib. Türkiyə lideri bununla yanaşı, Təhlükəsizlik Şurasında daimi üzvlük prinsipinin də dəyişdirilməsinin tərəfdarı olduğunu açıqlayıb. Onun təklifinə əsasən, ölkələr BMT TŞ-yə müəyyən müddət üçün seçilməli və üzvlük rotasiya prinsipi əsasında həyata keçirilməlidir. Ərdoğanın bu açıqlaması BMT Təhlükəsizlik Şurasında islahatlar məsələsinin yenidən beynəlxalq gündəmə çıxarıldığı bir vaxtda səslənib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının mövcud fəaliyyət mexanizminin dəyişdirilməsinin vacibliyini bir daha gündəmə gətirib. Türkiyə lideri qurumun hazırkı strukturunun dünya reallıqlarını tam əks etdirmədiyini bildirərək, xüsusilə veto hüququnun yaratdığı imkanların məhdudlaşdırılmasına çağırış edib.
Ərdoğan hesab edir ki, hazırkı Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonrakı dövrün reallıqlarını əks etdirir və daha səmərəli, ədalətli və hesabatlı təmsilçilik mexanizminə ehtiyac var. Moskva isə əksinə, daimi üzvlük və veto mexanizminin saxlanılmasını müdafiə edir.
Bu mübahisə Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı da uzun müddətdir BMT Təhlükəsizlik Şurasının daha ədalətli və müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması məsələsini gündəmə gətirir. Azərbaycanın yanaşmasında əsas məsələlərdən biri həm coğrafi, həm də siyasi baxımdan daha geniş təmsilçiliyin təmin olunmasıdır.
Burada mühüm məqam ondan ibarətdir ki, söhbət təkcə veto hüququnun olub-olmamasından getmir. Məsələ BMT-də qərarların necə qəbul edilməsi, ayrı-ayrı dövlətlərin beynəlxalq təhlükəsizlik məsələlərində nə qədər söz sahibi olması və təşkilatın müasir geosiyasi reallıqları nə dərəcədə əks etdirməsi ilə bağlıdır.
Türkiyənin mövqeyi ilə Rusiyanın mövqeyi arasındakı bu ziddiyyət BMT islahatları ətrafında gələcək müzakirələrin kifayət qədər mürəkkəb olacağını göstərir. Çünki Təhlükəsizlik Şurasının hazırkı daimi üzvlərinin öz səlahiyyətlərinin məhdudlaşdırılmasına razılıq verməsi məsələnin ən çətin tərəflərindən biridir.
Azərbaycanın mövqeyi belədir ki, BMT Təhlükəsizlik Şurasında islahat aparılarsa, yeni sistemdə orta və kiçik dövlətlərin, xüsusilə Qoşulmama Hərəkatı ölkələrinin siyasi çəkisini artırılacaq. Bakı üçün məsələ yalnız daimi üzvlərin sayının dəyişdirilməsi deyil, daha ədalətli təmsilçilik və beynəlxalq hüququn tətbiqində vahid yanaşmanın təmin edilməsidir.//musavat.com














