Gündəm24.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.
XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.
Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.
Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya Qurani-Kərim hədiyyə olunub.
















