Bu gün müsəlman aləmi üçün ən müqəddəs gecələrdən biri hesab olunan Qədr gecəsi qeyd olunur. İslam inancına görə, bu gecə Qurani-Kərimin nazil olmağa başladığı və min aydan daha xeyirli sayılan bir gecə kimi qəbul edilir. Bir çox insan bu gecədə dua edir, ibadət edir və Allahdan bağışlanma diləyir.
Xalq arasında geniş yayılmış inanca görə isə Qədr gecəsində edilən duaların daha tez və daha çox qəbul olunduğu düşünülür.
Bəs dini baxımdan bu gecənin mahiyyəti nədir və bu inanc nə dərəcədə əsaslıdır?
Dinşünas Elşad Miri Sfera.az-a bu barədə açıqlamasında Qədr gecəsinin Qurani-Kərimin nazil olmağa başladığı ilk dövrlərlə bağlı olduğunu xatırladıb:
“Lakin Bəqərə surəsindəki ayələr və ümumiyyətlə bu surənin ixtilafsız olaraq Mədinə dövründə, yəni Peyğəmbərin hicrətindən sonra nazil olduğu qəbul edilir. Bu isə o deməkdir ki, Ramazan orucu Quranda Qədr surəsinin nazil olmasından təxminən 13-15 il sonra qeyd olunur. Bu səbəbdən əvvəlcə onu qeyd etmək lazımdır ki, Qədr gecəsinin Ramazan orucu ilə birbaşa əlaqəsi yoxdur. Quranda Ramazan ayında Quranın nazil edildiyi bildirilir və Qədr gecəsində də vəhyin başlaması qeyd olunur. Deməli, Ramazan ayını xüsusi edən əsas səbəb həmin ayda Quranın nazil edilməsidir. Quranın nazil olduğu gecənin bərəkətlənməsi və dəyərinin artması da məhz vəhy hadisəsi ilə bağlıdır. Buna görə də Qədr gecəsini hər hansı konkret bir gecə ilə əlaqələndirmək doğru hesab edilmir. Bu barədə deyilənlərin böyük hissəsi Qurani-Kərimin süzgəcindən keçməyən rəvayətlərə əsaslanır. Qədr gecəsi bir ömrə bərabər sayılan bərəkətli və şərəfli bir hadisədir. Lakin onu ildə bir dəfə, Ramazanın son on günündə və ya yalnız tək gecələrdə qeyd olunmalı xüsusi bir tarix kimi təqdim etmək doğru yanaşma deyil. Bu, elə bir “şans gecəsi” də deyil ki, insan onu təqvimdə xüsusi işarələyib yalnız həmin gecəni oyaq qalmaqla dəyərləndirsin. Əslində Qədr gecəsi tarixdə baş vermiş bir hadisəni ifadə edir. Çünki vəhy həmin gecə nazil olmağa başlamış və bu proses Peyğəmbərin yaşadığı dövrdə tamamlanmışdır. Burada əsas olan müəyyən bir gecəni axtarmaq deyil, vəhyin mahiyyətini anlamaqdır”.
Dinşünas qeyd edib ki, Qədr gecəsini ilin hansısa günündə və ya ayın son gecələrində axtarmaq, əslində, onun mahiyyətini tam dərk etməmək deməkdir:
“Əsas məsələ gecənin özü deyil, o gecə nazil edilən vəhydir. Unutmamalıyıq ki, Allah zamanın özü deyil, zamanı yaradan varlıqdır. Allah günləri və ayları bir-birindən üstün yaratmayıb. Hər hansı zamanın dəyəri həmin vaxt baş verən hadisə ilə bağlıdır. Ramazanın dəyəri Quranın bu ayda nazil edilməsindədirsə, Qədr gecəsinin dəyəri də insanlığın sonuncu dəfə Allahın kitabı ilə qovuşmasındadır”.














