Qərbi Azərbaycan kəndləri – Qızıl Qoç
Qızıl Qoç kəndi tarixi Ağbaba mahalının qədim yaşayış məntəqələrindən biri olub. Kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində yerləşib. Sonrakı dövrlərdə Qızıl Qoç həm kənd, həm də inzibati rayon mərkəzi kimi tanınıb.
Qızıl Qoç toponiminin yaranması bölgənin qədim maddi-mədəni irsi ilə əlaqələndirilir. Kəndin ərazisində və ətrafında qoç formasında qəbirüstü daşlara rast gəlinməsi bu adın yaranmasına dair əsas izahlardan biri hesab olunur. “Qızıl” sözünün isə ərazidəki qırmızımtıl rəngli daş və süxurlarla bağlı olduğu bildirilir.
Kənddə qədim qəbirüstü abidələr və ziyarətgahlar da mövcud olub. Mənbələrdə Qızıl Qoç ərazisində VI–VII əsrlərə aid qəbirüstü heykəlin qeydə alındığı göstərilir. Bu abidələr bölgənin qədim tarixinin və yerli əhalinin dəfn mədəniyyətinin mühüm nümunələri hesab olunur.
Qızıl Qoçda Qızıl Qoç ziyarətgahı da fəaliyyət göstərib. Kənd sakinləri və ətraf yaşayış məntəqələrindən olan insanlar ziyarətgaha gələrək burada niyyət edir, müxtəlif dini-mənəvi mərasimlər keçirirdilər.
XX əsrin əvvəllərində Qızıl Qoç və Ağbaba bölgəsi də ağır siyasi və demoqrafik proseslərlə üzləşib. 1918–1920-ci illərdə bölgədə baş verən qarşıdurmalar yerli əhalinin həyatına ciddi təsir göstərib. Sonrakı illərdə kəndin demoqrafik tərkibində də dəyişikliklər baş verib.
1937-ci ildə Qızıl Qoç rayonu yaradılıb. 1938-ci ildən rayon və kənd Qukasyan adı ilə rəsmiləşdirilib. Sonrakı dövrdə isə ərazi Aşotsk adı ilə tanınıb. Sovet dövründə aparılan inzibati və toponimik dəyişikliklər nəticəsində qədim Azərbaycan toponimi rəsmi xəritələrdən çıxarılıb.
Bu gün Qızıl Qoç adı Ağbaba mahalının tarixi toponimlərindən biri kimi yaddaşlarda yaşayır. Kəndin adı, qədim qəbirüstü abidələri və ziyarətgahı bölgənin Azərbaycan xalqının tarixi-mədəni irsindəki izlərini əks etdirən mühüm nümunələrdəndir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














