Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenidən öz postuna təyinat aldıqdan sonra ilk olaraq Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə telefon danışığı aparıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ikitərəfli məsələləri müzakirə edib, regional vəziyyət və son hadisələr barədə fikir mübadiləsi aparıblar.
Bundan az öncə parlamentin yeni spikeri Ruben Rubinyan da təzə postda ilk dəfə məhz Ukrayna tərəfi ilə, öz həmkarı ilə danışmışdı. Siyasi dairələrdə bu addım suallar doğurub: Niyə məhz Ukrayna rəsmiləri ilə, tutaq ki, rusiyalı, gürcü həmkarları ilə yox? İrəvan bununla nəyin mesajını və kimə verir?
Gündəm24.az bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür addımları təsadüfi deyil və tamamilə hesabatlı siyasi gedişlərə əsaslanır: “Ermənistan son dövrlər getdikcə Qərbə meyllənmək və Rusiyanın təsir dairəsindən çıxmaq üçün müxtəlif yollar axtarır. Kiyevlə bu səviyyədə sıx və nümayişkaranə təmaslar məhz Moskvanın gözü qarşısında atılan açıq addımdır”. Onun sözlərinə görə, İrəvan bununla həm Qərbə, xüsusilə də Avropa İttifaqı və ABŞ-yə sədaqət nümayiş etdirir, həm də Kremlə təzyiq göstərmək üçün Ukrayna kartından istifadə etməyə çalışır: “Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrdə Ukrayna rəsmiləri ilə ilk təmasların qurulması birbaşa Moskvaya hesablanmış açıq siyasi ismarıcdır”.













