Qida məhsullarının qeydiyyata alınması, izlənməsi, etiketlənməsi və qida təhlükəsizliyi tələblərinin sərtləşdirilməsi fonunda bu qaydalar istehsalçılara və xüsusilə ev şəraitində qida hazırlayıb satışını həyata keçirən şəxslərə hansı öhdəliklər yaradır? Qida obyektlərinin və qida subyektlərinin qeydiyyatdan keçməsi, AQTA-nın tələblərinə uyğunlaşdırılması, məhsulların izlənmə sisteminə daxil edilməsi, etiketlənməsi və digər tələblərin tətbiqi sahibkarların xərclərinə, nəticə etibarilə isə qida məhsullarının maya dəyərinə və satış qiymətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Gündəm24.az -a danışan qida üzrə mütəxəssis Asim Vəliyev maraqlı fikirlər səsləndirib.O, bildiribki, qida təhlükəsizliyi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşma prosesi qida zəncirinin bütün həlqələrində dəyişikliklərə əsas yaradır. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tətbiq etdiyi tələblər yeni bir mərhələnin əsasını qoyub. Əlbəttə ki, bu addımlar əhalinin sağlamlığının qorunması, zəhərlənmələrin və mikrobioloji risklərin qarşısının alınması baxımından vacibdir.

Qida zəncirində tarladan, ya fermadan süfrəyədək təhlükəsizlik prinsipi əsas götürülür. Yəni ilkin xammalı istehsal edəndən tutmuş onu emal edən, qablaşdıran, daşıyan, satan hər biri cavabdehdir. İstər böyük sənaye müəssisələri, istərsə də ev şəraitində qida məhsulları hazırlayıb sosial şəbəkələr, onlayn platformalar, çatdırılma xidmətləri vasitəsilə satan şəxslər hüquqi status alaraq qida subyekti kimi qeydiyyatdan keçməlidirlər. Bu tələb mənşəyi bilinməyən, harada, hansı şəraitdə hazırlandığı bilinməyən təhlükəli qidaların bazara çıxmasının qarşısını almaq üçün tətbiq edilir. Ev mətbəxlərində istehsalatla məşğul olanlar üçün ən böyük çətinlik şəraitin sənaye sanitar-fiziki normalarına cavab verməsidir.
Bura düzgün ventilyasiya, havalandırma, axar isti, soyuq su təminatı, zərərvericilərə qarşı mübarizə və dezinfeksiya tədbirləri daxildir. Yaşayış sahəsi olan mətbəxlərdə məişət şəraiti ilə istehsalat şəraitini ayırmaq texniki olaraq çətin olduğuna görə kiçik istehsalçılar xüsusi sahələr icarəyə götürməyə, ya da mətbəxlərini yenidən quraşdırmağa məcbur olurlar. Xüsusilə patogen mikroorqanizmlərin çoxalmasının qarşısını almaq üçün temperataur rejiminə ciddi əməl olunmalıdır. 5-60 dərəcə temperatur arası təhlükəsiz zona sayılır. Bu temperatur aralığında bakteriyalar hər 20 dəqiqədə bir həndəsi silsilə ilə çooxalır. Ev şəraitində hazırlanan qidaların bu zonada uzun müddət qalması kütləvi zəhərlənmələrə şərait yaradır. İstehsalçılardan peşəkar sürətli soyutma və dondurma avadanlıqlarının istifadəsi tələb olunur.
Yeni normativlərə əsasən satışa çıxarılan hər bir qablaşdırılmış qida məhsulunun üzərində aydın, oxunaqlı, aldadıcı olmayan etiket olmalıdır. Etiketdə məhsulun dəqiq adı, tərkibi, dəqiq çəkisi, istehsal tarixi, son istifadə müddəti, saxlama şəraiti, istehsalçının adı, ünvanı və qida subyektinin qeydiyyat nömrəsi göstərilməlidir. Ən vacib tələblərdən biri allergenlərin etiketdə xüsusi şriftlə yazılması vacibdir. Ev şəraitində hazırlanan məhsullarda bu göstəriciləri təyin etmək üçün akkreditə olunmuş laboratoriya analizləri mütləqdir.
İzləmə sistemi qida təhlükəsizliyinin əsas dayağıdır. Amma biznes tərəfindən baxdıqda bu proses əlavə maliyyə yükü yaradır. Ən böyük qiymət dəyişikliyi ev şəraitində qida hazırlayan mikro sahibkarların məhsullarında müşahid olunacaq. Kiçik həcmlərlə işləyən bu şəxslər üçün laboratoriya analizləri, xüsusi qablaşdırma, hüquqi qeydiyyat və mətbəxin uyğunlaşdırılması xərcləri məhsulun maya dəyərini xeyli artıra bilər. Ev şəraitində hazırlanan ucuz məhsul anlayışı tədricən sıradan çıxacaq. Həmçinin kiçik sahibkarların bir hissəsi tələbləri və xərcləri qarşılaya bilməyəcək. Beləliklə bazarı tərk etməyə məcbur olacaq.
Gündəm24.az
İlkin Əlyar














