Hüquqşünas Elyar İslamoğlu məktəbdə şagirdlərə İranın ali rəhbəri Əli Xameneyiyə həsr olunan mahnının oxudulmasına münasibət bildirib.
Gündəm24.az konkret.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Hüquqşünas hesab edir ki, müəllimin dərs keçmək əvəzinə şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxutmasına görə tədbir görülməsi normaldır, hətta gecikmiş qərardır.
E. İslamoğlu qeyd edib ki, məktəb dini təbliğatın və başqa ölkələrin dini ideologiyasının yayılacağı yer deyil. Onun fikrincə, təhsil müəssisələrində yalnız tədris proqramına və fənlərə uyğun materiallar tədris olunmalıdır.
Hüquqşünas paylaşımında dövlət rəmzlərinə münasibət və xarici ölkələrin ideologiyasının məktəblərdə təbliği məsələsinə də toxunub. O, bu cür hallara qarşı sərt tədbirlər görüldükdə etiraz edilməsini tənqid edib.
Elyar İslamoğlu fikirlərini ironik şəkildə “Nə gözəl məmləkət!” ifadəsi ilə yekunlaşdırıb.













