Hicabdan yapışanlar, bəs məktəbdə geyim mədəniyyəti barədə niyə danışmır?
Hicab məsələsi ətrafında gedən müzakirələrə baxırsan, adama elə gəlir ki, dövlət məktəblərində geyimlə bağlı indiyədək heç bir problem olmayıb, bütün məsələ gəlib bir baş örtüyünə dirənib. Qərarı tənqid edənlərin əksəriyyəti dönüb-dönüb hicabdan, dini azadlıqdan, inanclı insanların hüquqlarından danışır. Bəs bu qərarın başqa tərəfləri haqqında niyə danışmırlar? Niyə onun məktəbdə geyim mədəniyyətinin formalaşmasına, həddindən artıq açıq geyimlərin qarşısının alınmasına və vahid məktəb mühitinin qorunmasına mümkün müsbət təsirini dilə gətirmirlər?
Bunu Oxu24.com-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

Məgər məktəbdə geyim məsələsi yalnız hicabdan ibarətdir?
“Gəlin, məsələyə bir qədər geniş baxaq. Dövlət məktəb üçün geyim qaydası müəyyənləşdirirsə, bu, təkcə bir geyim elementinə münasibət deyil. Bu, məktəbdə ümumi intizam yaratmaq, təhsil mühitinin özünəməxsusluğunu qorumaq və şagirdlərin zahiri görünüşü ilə bağlı vahid meyar formalaşdırmaq cəhdidir. Bu yanaşmanın müsbət tərəflərini görmək üçün niyə bu qədər tərəddüd edirik? Məgər indiyədək məktəblərdə geyimlə bağlı narahatlıq doğuran hallar olmayıb?
Bəzi müəllimlərin məktəb mühitinə uyğun gəlməyən, həddindən artıq qısa yubkalarda, dar şalvarlarda, lasinlərdə və diqqəti dərsdən yayındıran başqa geyimlərdə dərsə gəlməsi barədə danışılmayıb? Bəzi yuxarı sinif şagirdlərinin məktəbə müəyyən edilmiş formaya uyğun olmayan, həddindən artıq açıq geyimlərdə gəlməsi heç kimin diqqətini çəkməyib? Məktəbdə geyim mədəniyyətindən danışanda bütün bunları niyə görməzdən gəlməliyik?”,-deyə ekspert bildirib.
Şəmsi Qoca açıqlamasında müəllimlərin də geyimi məsələsinə toxunub.
“Müəllim məktəbə podiuma çıxmaq üçün gəlmir. O, ilk növbədə bilik verməli, şagirdə nümunə olmalı, öz peşəsinə və çalışdığı təhsil müəssisəsinə hörmətini davranışı ilə göstərməlidir. Bu nümunə yalnız danışığında, biliyində və pedaqoji bacarığında deyil, peşəkar görünüşündə də özünü göstərməlidir. Xüsusilə yuxarı siniflərdə oxuyan şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır. Onuncu-on birinci siniflərdəki oğlanlar artıq yeniyetməlikdən gəncliyə keçid mərhələsindədirlər. Bu yaşda fiziki görünüşə maraq, cinsi oyanma və qarşı cinsə diqqət təbii inkişaf xüsusiyyətləridir. Müəllimin həddindən artıq açıq və ya diqqəti dərsdən yayındıran geyimi bəzi şagirdlərdə əlavə maraq yarada bilər. Məktəb mühitinin təşkilində bu reallığı nəzərə almaq nə qəbahətdir, nə də kiminsə şəxsi həyatına müdaxilə.
Əlbəttə, şagirdin davranışına görə məsuliyyət də öz üzərindədir. Ona özünü idarə etmək, müəllimə hörmətlə yanaşmaq, insanı geyiminə görə deyil, şəxsiyyətinə və biliyinə görə qiymətləndirmək öyrədilməlidir. Ancaq bu, müəllimin də peşəkar geyim məsuliyyətini aradan qaldırmır. Birinin məsuliyyətindən danışmaq digərinin məsuliyyətini unutmaq demək deyil”,-deyə Ş.Qoca bildirib.
“İndi isə başqa bir mənzərəni təsəvvür edək. Sinifdə otuz şagird var. Hamısı müəyyən edilmiş məktəbli formasındadır. Ancaq bir şagird geyimi ilə ümumi mənzərədən kəskin şəkildə fərqlənir. Burada həmin uşağın dini inancını təhqir etməkdən, onu alçaltmaqdan söhbət getmir. Söhbət məktəbin vahidliyindən gedir. Məktəbli forması məhz ona görə müəyyənləşdirilir ki, təhsil müəssisəsində ümumi geyim standartı olsun. Əks halda, hər kəs öz şəxsi anlayışına, ailəsinin istəyinə və ya dini yozumuna uyğun geyinərsə, vahid forma anlayışının özü nə məna daşıyar?
Bir şagirdin geyiminə münasibətdə istisna tələb edib digər şagirdlərin hamısından vahid formaya əməl etməsini gözləmək nə dərəcədə ardıcıl yanaşmadır? Əgər bir şagird şəxsi seçimini əsas gətirərək müəyyən edilmiş formadan kənara çıxmaq istəyirsə, başqa bir şagird də məktəbə şortikdə, kimano tipli geyimdə və ya digər qeyri-standart paltarda gəlmək istədikdə ona nə cavab veriləcək? Birinə icazə verib digərinə qadağa qoyulacaqsa, bunun hüquqi əsası nə olacaq? Məktəb rəhbərliyi hər dəfə ayrı-ayrı şəxslərin istəklərinə uyğun qərar verməlidir, yoxsa hamı üçün aydın və ardıcıl qaydalar tətbiq etməlidir?
Təbii ki, bütün geyimlər hüquqi baxımdan eyni kateqoriyaya aid deyil. Ancaq məhz buna görə meyarlar dəqiq müəyyənləşdirilməlidir. Hansı geyimlərin məktəbli formasına uyğun olduğu, hansı əlavələrin vahidliyi pozduğu və istisnaların olub-olmadığı şəxsi mülahizələrlə deyil, qüvvədə olan normativ qaydalarla müəyyən edilməlidir. Məktəbin geyim intizamı şəxslərin istəyindən asılı vəziyyətə düşməməlidir.
Məni düşündürən başqa bir məqam da var. Özünü dindar sayan, dini dəyərləri müdafiə etdiyini bildirən insanlar bu mübahisədə niyə yalnız hicab məsələsinə köklənirlər? Əgər məktəbin mənəvi mühiti sizin üçün doğrudan da əhəmiyyətlidirsə, niyə geyim mədəniyyəti, müəllimin nümunə olması, şagirdlərin tərbiyəsi və məktəbdə həyanın qorunması barədə də danışmırsınız? Niyə demirsiniz ki, vahid geyim qaydası həddindən artıq açıq geyimlərin də qarşısının alınmasına xidmət edə bilər? Niyə yuxarı sinif şagirdlərinin məktəbə daha münasib geyimdə gəlməsinin müsbət tərəfini etiraf etmirsiniz?
Mənəvi həssaslıq yalnız bir geyim formasına münasibətlə ölçülməməlidir. İnsanların dini hisslərinə hörmət vacibdir. Amma məktəbin qaydalarını, təhsilin məqsədini və ümumi intizamı da nəzərə almaq lazımdır. Hicablı şagirdin hüquqlarını müdafiə etmək olar, eyni zamanda məktəbdə vahid geyim prinsipinin qorunmasını da dəstəkləmək mümkündür. Bunlar bir-birini mütləq şəkildə inkar edən məsələlər deyil. Ancaq qərarın müsbət tərəflərini ümumiyyətlə müzakirə etmədən bütün söhbəti yalnız hicabın üzərində qurmaq məsələyə birtərəfli yanaşmaqdır.
Dini inancı müdafiə etmək adı ilə məktəbin ümumi qaydalarını kənara qoymaq da düzgün deyil. Əgər dövlət müəyyən edilmiş geyim qaydalarını qəbul edib və həmin qaydalar qanuni qüvvəyə minərək qüvvədədirsə, onlar icra olunmalıdır. Qərarla razılaşmamaq, onu tənqid etmək, dəyişdirilməsini tələb etmək mümkündür. Bunun üçün qanuni müraciət və müzakirə yolları var. Ancaq şəxsi münasibəti qüvvədə olan qaydanın icrasından üstün tutmaq olmaz. Heç kim öz istəyini dövlətin müəyyən etdiyi qanuni tələbdən üstün hesab etməməlidir.
Bu gün hicab məsələsi ətrafında hay-küy qaldıranların, ajiotaj yaradanların hamısının niyyətini eyni hesab etmək olmaz. Ancaq bir məqam da diqqətdən yayınmamalıdır: bu mübahisəni qızışdıranların bir qismi üçün nə hicab, nə də məktəbdə açıq-saçıq geyim problemi əsl narahatlıq doğurur. Onların məqsədi bulanıq suda balıq tutmaq, ayrı-ayrı insanların həssaslığından istifadə edərək ictimai gərginliyi artırmaqdır. Kimlərinsə diqtəsi ilə həşir salan, hər məsələdən qarşıdurma yaratmağa çalışan belə qüvvələrin hay-küyü mahiyyət etibarilə problemi həll etmir, əksinə, cəmiyyəti bir-birinə qarşı qoyur.
Lakin onlar da bir həqiqəti birmənalı şəkildə anlamalıdırlar: Azərbaycan dövləti öz dövlətçilik prinsiplərini, milli-mənəvi dəyərlərini və qanunlarının aliliyini qorumaq iqtidarında olan dövlətdir. Dövlətin qəbul etdiyi qanuni qərarların icrası ayrı-ayrı şəxslərin istəyindən, sosial şəbəkələrdə yaradılan ajiotajdan və ya kənardan gələn təzyiqlərdən asılı ola bilməz. Qərarla razılaşmayanlar öz mövqelərini qanuni yollarla ifadə edə bilərlər, amma ictimai hay-küyü dövlətin qərarlarını diktə etmək vasitəsinə çevirmək yolverilməzdir.
Azərbaycan cəmiyyəti öz milli kimliyinə, tarixinə və mənəvi dəyərlərinə söykənərək inkişaf etməlidir. Dünyanın müxtəlif yerlərindən gələn ideyalarla tanış olmaq başqa şeydir, onları düşünmədən cəmiyyətə qəbul etdirmək, yaxud hər hansı ideoloji təsiri dövlətin müəyyən etdiyi hüquqi çərçivədən üstün tutmaq tamam başqa. Azərbaycan dövlətinin prinsipləri və qanunları hər hansı kənar təsirin diktəsi ilə deyil, ölkənin Konstitusiyası və qanunvericiliyi əsasında müəyyən olunur.
Məsələnin mahiyyəti də budur: məktəbdə vahid geyim qaydası müzakirə edilirsə, onun həm intizam, həm də təhsil mühitinin qorunması ilə bağlı tərəfləri nəzərə alınmalıdır. Hicabdan danışıb digər geyim problemlərini görməməzliyə vurmaq da, dini hisslərdən istifadə edərək qanuni qərarın icrasına mane olmağa çalışmaq da məsələnin həllinə xidmət etmir. Dövlətçilik emosiyaların və hay-küyün deyil, qanunun, məsuliyyətin və ardıcıl mövqenin üzərində qurulur.
Dövlətçilik hər kəsin dövlət qərarına yalnız öz şəxsi münasibətinə uyğun əməl etməsi demək deyil. Dövlətçilik qanunun aliliyini qəbul etmək, qərarların icrasını təmin etmək və eyni qaydaların hamıya ardıcıl tətbiqinə nail olmaqdır. Məktəb də bu prinsipin istisnası deyil. Burada nə müəllim, nə şagird, nə valideyn öz şəxsi istəyini ümumi qaydaların əvəzinə qoymalıdır. Eyni zamanda məktəb rəhbərliyi də qaydaları öz mülahizəsinə görə deyil, hüquqi əsaslarla tətbiq etməlidir.
Məktəbin əsas vəzifəsi uşağa bilik vermək, onun düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək həyata hazırlamaqdır. Məktəb dini mübahisələrin, şəxsi iddiaların və ictimai qarşıdurmaların meydanına çevrilməməlidir. Vahid geyim mədəniyyəti formalaşacaqsa, bu, hamı üçün anlaşılan qaydalar əsasında formalaşmalıdır. Qayda varsa, icra olunmalıdır; icraya nəzarət varsa, ardıcıl olmalıdır.
Hicab ətrafında mübahisə aparanlar məsələnin bu tərəfini də düşünməlidirlər. Dövlətin qərarına yalnız narazılıq doğuran tərəfdən baxmaq, onun məktəbdə vahidlik və intizam yaratmaq məqsədini görməmək düzgün deyil. Əgər məktəbdə geyim mədəniyyətinin qorunması hamımız üçün vacibdirsə, onda bu məsələyə seçici yanaşmamalıyıq.
Məktəb şəxsi istəklərin yarışdığı yer deyil, gələcəyin yetişdiyi məkandır. Dövlətin qanuni qərarına hörmət etmək, məktəbdə vahid geyim prinsipini qorumaq və təhsil mühitinin tələblərinə əməl etmək isə dini inancdan asılı olmayaraq hər kəsin məsuliyyətidir”,-deyə ekspert bildirib.













