Bazarlarda piştaxtalar rəngbərəng, meyvələrin görünüşü isə cəlbedicidir. Amma bir çox alıcı eyni sualı verir: niyə bu qədər gözoxşayan meyvələrin dadı yoxdur?
Qida eksperti İlkin Şirinov Redaktor.az-a bildirdi ki, meyvələrin dadsız olmasının əsas səbəbi məhsuldarlığın keyfiyyəti üstələməsidir:
“Hazırda istehsalda əsas diqqət məhsulun çox olmasına yönəlir. Dad, təbii aroma və keyfiyyət isə ikinci plana keçir. Buna görə də görünüşcə ideal olan meyvələrin bir çoxunda əvvəlki dad qalmır. Yəni məhsuldarlıq və daha çox qazanc əldə etmək istəyi dad və keyfiyyəti qabaqlayır. Çünki bu gün fermerlər belə düşünürlər: nə qədər çox qazanc əldə etsələr, bu onlar üçün bir o qədər sərfəli və maraqlı olar. Daha çox gəlir əldə etmək əsas məqsədə çevrilib. Bununla yanaşı, kimyəvi gübrələrin həddindən artıq istifadəsi, hibrid məhsulların yetişdirilməsi də vəziyyətə təsir edir. Halbuki meyvə-tərəvəz və giləmeyvə öz mövsümündə həm sağlamlıq üçün daha faydalı, həm də daha keyfiyyətli olur. Ən əsas problemlərdən biri də məhsulların vaxtından əvvəl, tam yetişmədən bazarlara və marketlərə çıxarılmasıdır. Bu gün fermerlər üçün məhsulun rəngi və iriliyi əsas meyara çevrilib. Dad və tam yetişmə məsələsi isə arxa plana keçir”.

Müsahibimiz qeyd etdi ki, məhsullar bəzən daşınma zamanı, sanki yolda yetişir:
“Çünki burada əsas məqsəd onların xarab olmaması və zərər görməməsidir. Bunun üçün məhsullar uzun müddət soyuducu anbarlarda saxlanılır ki, təravətini qorusun. Amma dad məsələsi burada da prioritet olmur. Əsas məqsəd məhsulun bazarlara və marketlərə çatdırılıb satılmasıdır. Bu gün çiyələyə, pomidora, xiyara, alçaya baxsaq görərik ki, istixana şəraitində yetişdirilən məhsulların nə ətri var, nə dadı. Halbuki hər meyvə və tərəvəzin özünəməxsus qoxusu və dadı olmalıdır. Bunlar olmadığı halda təbii ki, ağız dadı da arxa plana keçir. Daha çox qazanc əldə etmək üçün fermerlər və kənd təsərrüfatında çalışan insanlar müxtəlif gübrələrdən istifadə edirlər. Ən ciddi problemlərdən biri də odur ki, bu gübrələrin istifadəsi çox vaxt peşəkar olmayan insanların əlində olur. Heç bir mütəxəssis rəyi olmadan, mütəxəssis cəlb edilmədən təsərrüfat idarə olunur. Çünki mütəxəssis müəyyən məvacib qarşılığında işləyəcək və təbii olaraq əməyinin haqqını tələb edəcək. Amma bəzi təsərrüfat sahibləri kənd təsərrüfatından anlayışı olmayan adi işçilərə gübrələrin verilməsini tapşırırlar. Nəticədə isə məhsulun görünüşü olur, iriliyi olur, amma nə dadı, nə də təbii keyfiyyəti olur”.














