Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında müalicə alan Səmayə ananın səhhətində müsbət istiqamətdə irəliləyişlərin olduğu bildirilib.
Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyi və ictimaiyyət nümayəndələri Səmayə ana ilə görüşərək ona mənəvi dəstək göstəriblər. Görüşdə Polad Həşimovla birgə xidmət etmiş qazilər onunla bağlı xatirələrini bölüşüblər.
Ziyarət zamanı Səmayə ana ona göstərilən diqqət və qayğıdan məmnunluğunu ifadə edərək:
“Xalqımdan çox razıyam, xalqıma minnətdaram, sizlərə minnətdaram” – deyə bildirib və ziyarətçilərə dualar edib.
Görüşdə Qərbi Azərbaycan İcmasının Gənclərlə iş üzrə məsul şəxs Fuad Məmmədov, Qarakilsə rayonu Ağudi kənd icmasının sədri, müharibə veteranı təqaüddə olan polkovnik Aqif Baxşəliyev, Yeganə Yaqubova, şəhid Rüfət Əhmədzadənin anası Ruhiyyə Əhmədzadə, qazi Eldar Alxasov və hərbi həkim polkovnik Şükür Əliyev iştirak ediblər.
Səhhəti ilə əlaqədar ziyarətdə iştirak edə bilməyən Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsinin sədri Ramiz İsmayılov da telefonla Səmayə ana ilə əlaqə saxlayaraq salamlarını çatdırıb və onun adından gül dəstəsi təqdim olunub.
Bu ziyarət bir daha göstərib ki, xalqımız öz qəhrəmanlarını və onların ailələrini unutmur. Polad Həşimovun əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah Səmayə anaya şəfa versin. Şəhidlərimizin ruhu şad olsun!
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi














