Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanın xarici siyasət kursunu dəyişməsi barədə səsləndirdiyi iddialara reaksiya verib.
Gündəm24.az xəbər verir ki, erməni hökumətinin rəhbəri Medvedevin “Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir” sözlərinə cavab olaraq Rusiya rəhbərliyini dolayısı ilə tənqid edib.
Paşinyan öz bəyanatında bildirib: “Eyni məntiqlə gərək mən də indi çıxıb deyim: Arzulayırıq ki, Ermənistan yeni Rusiyaya çevrilməsin”.
Ermənistan Baş naziri bu fikrini Rusiya ərazisində son vaxtlar baş verən davamlı partlayışlar, hərbi insidentlər və daxili təhlükəsizlik problemləri ilə əsaslandırmağa çalışıb.
Moskva ilə Yerevan arasında son dövrlərdə Qərbə inteqrasiya və Avropa İttifaqı ilə yaxınlaşma məsələləri ətrafında artan ritorika tərəflər arasında diplomatik gərginliyin daha da kəskinləşdiyini göstərir.//musavat.com














