Qərbi Azərbaycan kəndləri – Qoş
Qoş kəndi Qərbi Azərbaycanın tarixi Qaraqoyunlu mahalında, keçmiş Karvansaray rayonunda, Dilican şəhərindən təqribən 17 kilometr şərqdə, dəniz səviyyəsindən 1250 metr yüksəklikdə yerləşən yayla üzərində yerləşirdi. Kəndin ətrafı meşələrlə əhatə olunmuş, təbii gözəlliyi ilə seçilən ərazilərdən biri olub.
Kənddə əvvəllər azərbaycanlılar, sonralar isə ermənilər yaşayıblar. 1886-cı ilin statistik məlumatlarında Qoş kəndi Qoşavəng adı ilə Yelizavetpol
quberniyasının Qazax qəzasının Dilican nahiyəsində qeyd olunub. Sovet dövründə isə kənd Dilican şəhər sovetliyinin tərkibinə daxil edilib.
Qoş kəndinin yaxınlığında Göy adlı göl yerləşir. Kəndin adı ilə bağlı məlumatlar qədim mənbələrdə də öz əksini tapıb. “Alban tarixi”ndə Sisakan ərazisində Koş kəndinin adının çəkildiyi, ərəb mənbələrində isə Babək üsyanı ilə bağlı Xoş adlı yaşayış məntəqəsinin xatırlandığı bildirilir.

Qoş kəndinin ən mühüm tarixi abidələrindən biri Qoşavəng kompleksidir. XII–XIII əsrlərə aid olan bu kompleks kəndin yaxınlığında yerləşir və bir neçə dini və dünyəvi tikilidən ibarətdir. Mənbələrdə kompleksdəki baş məbədin 1191-ci ildə Mxitar Qoş tərəfindən tikdirildiyi göstərilir.
Qoşavəng kompleksinə baş məbədlə yanaşı, XIII əsrə aid digər məbədlər, türbə, xaçdaşlar və müxtəlif tarixi tikililər daxildir. Kompleksin ətrafında qədim yaşayış məskəninin izləri və qəbirüstü abidələrin də olduğu qeyd edilir.

Qoş kəndi və onun yaxınlığındakı Qoşavəng kompleksi Qərbi Azərbaycanın tarixi yaşayış məskənləri və memarlıq irsi baxımından diqqət çəkən nümunələrindən biridir. Kəndin adı və tarixi bu gün də Qərbi Azərbaycanın tarixi toponimləri arasında yaşamaqdadır.


Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














