Qərbi Azərbaycan kəndləri – Haqqıxlı
Haqqıxlı kəndi Qərbi Azərbaycanın tarixi Qaraqoyunlu mahalında, keçmiş Karvansaray (İcevan) rayonu ərazisində, Ağstafaçay dərəsinin sol yamacında yerləşən qədim Azərbaycan kəndlərindən biridir. Kənd İcevan şəhərindən təxminən 11 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən təxminən 1750 metr yüksəklikdə yerləşirdi.
Haqqıxlı tarixən azərbaycanlıların yaşadığı kəndlərdən biri olub. Mənbələrə görə, 1873-cü ildə kənddə 188, 1897-ci ildə 372, 1931-ci ildə isə 412 azərbaycanlı yaşayırdı. 1970-ci ildə kəndin azərbaycanlı əhalisinin sayı 869 nəfərə çatmışdı.
Kəndin adı ilə bağlı müxtəlif fikirlər mövcuddur. Araşdırmalarda “Haqqıxlı” toponiminin türk mənşəli “haqqıxlı” etnonimi əsasında yarandığı göstərilir. Kənd həmçinin xalçaçılıq ənənələri ilə tanınıb. Haqqıxlı xalçası ilə bağlı araşdırmalarda onun üzərində Göytürk yazısının olduğu barədə məlumatlar da qeyd edilir.

Haqqıxlı kəndinin ərazisində qədim tarixi abidələrdən biri olan Örükdaş (Hörükdaş) siklop tikilisi də yerləşirdi. Bu tikili qədim müdafiə məqsədli qurğulardan biri kimi qeyd olunur və kəndin tarixi-mədəni irsinin mühüm nümunələrindən hesab edilir.
1919-cu ilin mart ayında kəndin azərbaycanlı əhalisi silahlı hücumlar nəticəsində doğma yurdunu tərk etməyə məcbur olmuş, sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinlərin bir hissəsi kəndə qayıtmışdır. 1988-ci ilin noyabr ayının sonunda isə Haqqıxlı kəndinin azərbaycanlı sakinləri sonuncu dəfə deportasiya edilmişdir.

1978-ci ildə kəndin adı Səməd Vurğunun şərəfinə “Vurğun”, 1991-ci ildə isə “Hovk” olaraq dəyişdirilmişdir. Haqqıxlı adı isə Qərbi Azərbaycanın tarixi kəndlərindən biri kimi bu gün də yaddaşlarda yaşayır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















