Qırxbulaq mahalının Civriş kəndi – dağların qoynunda qalan qədim Azərbaycan yurdu
Qırxbulaq mahalının dağ ətəyində yerləşən Civriş kəndi özünəməxsus gözəl təbiəti və tarixi ilə seçilən yaşayış məntəqələrindən biri olub. Mənbələrdə qeyd edilir ki, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kəndin adı Cevriş formasında qeydə alınıb.
Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Hazırda ermənicə “Crvej” adlandırılan kəndin adının erməni dilində “şəlalə” mənasını verdiyi bildirilir.
Tarixi məlumatlara görə, kənddə əvvəlki dövrlərdə azərbaycanlılar yaşayıb. 1828–1829-cu illərdə isə İrandan və Türkiyədən ermənilər köçürülərək burada yerləşdiriliblər.

Statistik məlumatlarda göstərilir ki, 1873-cü ildə kənddə ermənilərlə yanaşı, 43 nəfər azərbaycanlı, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə isə 58 nəfər azərbaycanlı yaşayıb.
Civriş kəndinin tarixində 1918-ci il də ağır hadisələrlə yadda qalıb. Həmin il azərbaycanlı əhali ermənilərin təcavüzünə məruz qalaraq doğma yurdlarından deportasiya olunub. Hazırda kənddə yalnız ermənilərin yaşadığı bildirilir.
Bir vaxtlar azərbaycanlı ailələrin yaşadığı, öz təbiəti və tarixi ilə seçilən Civriş kəndi bu gün Qırxbulaq mahalının keçmişini xatırladan yaşayış məntəqələrindən biri kimi yaddaşlarda yaşayır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














