Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə regionda ekoloji təhlükəsizlik və nüvə təhdidləri məsələsini yenidən ən vacib müzakirə obyektinə çevirib. Dövlət başçısı müsahibəsində Ermənistan ərazisində fəaliyyət göstərən və texniki istismar müddətini çoxdan başa vurmuş Metsamor Atom Elektrik Stansiyasının bütün Cənubi Qafqaz, o cümlədən Azərbaycan və Türkiyə üçün yaratdığı real təhlükələrə diqqət çəkib. Prezident qeyd edib ki, stansiyanın idarəetməsinin erməni tərəfinin əlində olmaması, texniki baxımdan həddindən artıq köhnəlməsi və istismar müddətinin qeyri-qanuni şəkildə uzadılması yolverilməzdir. Bu stansiyanın hər hansı bir qəza ehtimalı bölgədə bəşəri miqyaslı ekoloji fəlakətə səbəb ola bilər və məhz bu səbəbdən Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq platformalarda haqlı narahatlıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan professor, politoloq Qabil Hüseynli qeyd edib ki, Metsamor AES kimi köhnəlmiş texnologiyaya malik obyektlərin qonşuluqda mövcud olması Ermənistanın özündən başqa bütün region dövlətləri üçün birbaşa ekoloji terror mənbəyidir: “Prezident İlham Əliyevin bu məsələni ən yüksək səviyyədə yenidən gündəmə gətirməsi son dərəcə vaxtında və həyati əhəmiyyət daşıyan addımdır.
Çünki Sovet dövründən qalma və sovet texnologiyası ilə işləyən bu stansiya layihə müddətini artıq illər əvvəl başa vurub. Həmin stansiyanın yerləşdiyi ərazi aktiv seysmik zonaya – zəlzələ ocağına düşür və hər hansı güclü təkan buradakı reaktorların sıradan çıxmasına, qaçılmaz nüvə sızmasına gətirib çıxara bilər. Ermənistan hakimiyyəti isə iqtisadi və enerji asılılığı ucbatından bu təhlükəni gözardı edərək stansiyanın ömrünü süni şəkildə uzatmağa çalışır, lakin bu proses sonsuz davam edə bilməz və gec-tez faciə ilə nəticələnə bilər”.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, xüsusilə də MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) bu məsələdə ikili standartlardan əl çəkməli və təcili şəkildə qətiyyətli addımlar atmalıdır: “Beynəlxalq ictimaiyyət, xüsusilə də Avropa İttifaqı və digər nüfuzlu qurumlar Çernobıl və Fukuşima faciələrindən dərs çıxarmalıdırlar. Metsamor stansiyasının fəaliyyəti dərhal dayandırılmalı və region dövlətlərinin təhlükəsizliyi təmin olunmalıdır.
Azərbaycan və Türkiyə bu məsələni beynəlxalq tribunalarda, BMT və MAQATE kimi platformalarda daha sərt şəkildə qaldırmalı, İrəvana qarşı kollektiv təzyiq mexanizmləri işə salınmalıdır. Əks təqdirdə, Ermənistanın məsuliyyətsiz siyasəti ucbatından bütün Cənubi Qafqaz və qonşu regionlar radioaktiv təhlükə qarşısında qala bilər”.














