Sumqayıt şəhərinin ən sevilən, sakinlərin təmiz hava alıb istirahət etdiyi yerlərindən biri olan Nəsimi adına parkda baş verənlər artıq sadəcə yerli problem deyil, əsl ekoloji fəlakət və vətəndaşlara qarşı açıq hörmətsizlikdir.
Şəhərin yaşıllıq zonasına məqsədli şəkildə qəsd edilir, illərlə böyüyən ağaclar məhv olunur, ərazidə dərin özüllər və kotlovanlar qazılır. Bütün bunlar isə göz görə-görə, heç bir ictimai nəzarətə və əxlaqi dəyərə sığmayan üsullarla həyata keçirilir.
NOCOMMENT.az-a daxil olan sakinlərin narahatlıq dolu müraciətlərindən aydın olur ki, Nəsimi adına parkda başlanan bu genişmiqyaslı dağıdıcı proseslərin arxasında “Jasmin Park” tikinti şirkəti dayanır. İnsanlar haqlı olaraq üsyan edirlər: necə olur ki, şəhərin ekologiyasını qorumalı olan qurumlar susur, amma beton mafiyası gəlib birbaşa istirahət parkının mərkəzində ağacları doğrayıb yerlə-yeksan edir? Ağacların kəsilməsi, tonlarla torpaq kütləsinin ərazidən daşınması və nəhəng kotlovanların qazılması onu göstərir ki, kimsə Sumqayıtın gələcəyini bir ovuc qazanc naminə qurban verməkdən çəkinmir.
Şəhərin yaşıllıq zonasında, park ərazisində bu tip tikinti işlərinin aparılması heç bir qanunvericilik və şəhərsalma normalarına sığmır. Bu, açıq-aşkar ekosid və şəhər sakinlərinin hüquqlarının tapdalanmasıdır. Vətəndaşlar haqlı olaraq soruşurlar: bu şirkətə bu cəsarəti kim verib? Hansı qurumun icazəsi ilə Sumqayıtın ekoloji tarazlığı pozulur və ictimai zona şəxsi ciblərin doldurulması üçün qurban verilir?
Məsələnin ciddiliyini və ictimai qəzəbin miqyasını nəzərə alaraq, NOCOMMENT.az redaksiyası dərhal hərəkətə keçərək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğular ünvanlayıb. Lakin sorğuların üzərindən günlər keçsə də, heç bir məlumat verilməyib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev isə dəfələrlə zənglərimizə və mesajlarımıza cavab verməkdən yayınıb. O, bildirib ki, hazırda məzuniyyətdədir.
Redaksiya açıq şəkildə tələb edir ki, aidiyyəti qurumlar cəmiyyətə cavab versinlər: Sumqayıt şəhəri, Nəsimi adına park ərazisində aparılan qazıntı və yaşayış binasının tikintisi ilə bağlı müvafiq sənədlər və ya tikintiyə icazə üçün müraciət daxil olubmu? Əgər daxil olubsa, ümumiyyətlə, şəhərin yaşıllıq zonasında bu cür tikintiyə necə göz yumulub və hansı əsasla razılıq verilib?
Eyni zamanda, “Jasmin Park” tikinti şirkətinin ərazidə həyata keçirdiyi bu özbaşınalığın, qanunsuzluqların dərhal yoxlanılması və nəzarətə götürülməsi istiqamətində məsul qurumlar hansı real addımları atıblar?
Suallarımız hələ ki, açıq olaraq qalır.
Məsələni diqqətimizdə saxlayacağıq.

















