ABŞ prezidenti Donald Tramp ənənəvi Şükranlıq günü mərasimində “Azadlıq” (Freedom) və “Lələklər” (Feathers) adlı iki hinduşkanı əfv edib.
Gündəm24.az xəbər verir ki, Ağ Evin Cənub çəmənliyindəki helikopter meydançasında keçirilən tədbirdə çıxış edən Tramp quşların adlarına zarafatla münasibət bildirib: “Bu gün əfv edəcəyim hinduşkaların adları “Azadlıq” və “Lələklər”dir. Bundan yaxşı adlar da eşitmişəm. Bir az qəribə səslənir. Mən tam, mütləq və qeyd-şərtsiz əfv bəxş edirəm, yəni onlar əbədi yaşayacaqlar”. Mərasim zamanı əfv üçün seçilmiş iki quşdan biri tədbirdən kənarda qalıb və Tramp onun “kolların arasına qaçdığını” zarafatla deyib.
Qeyd edək ki, Qərbi Virciniyadakı “Deans Gap Farm” təsərrüfatında yetişdirilən və çəkiləri təxminən 18–19 kiloqram olan hər iki hinduşka əfv edildikdən sonra Texas A&M Universitetində saxlanacaq.
Ağ Evdə hinduşkaların əfv edilməsi ənənəsi 1989-cu ildə prezident Corc Buş tərəfindən rəsmiləşdirilib, mərasimin özü isə 1947-ci ildən bəri keçirilir.//musavat














