Ölkədə yeni tikilən bir çox binaların müasir standartlara cavab verməsi iddia olunsa da, bəzi yaşayış komplekslərindəki acınacaqlı mənzərələr bunun tam əksini sübut edir. Sosial şəbəkələrdə yayılan və sakinlər tərəfindən böyük narazılıqla qarşılanan görüntülər bunun bariz nümunəsidir.
Gündəm24.az xəbər verir ki, Saray qəsəbəsində yerləşən “Saray-H” MTK yaşayış massivində yolun vəziyyəti ürəkaçan deyil. Şikayətçinin sözlərinə görə, ərazidə onlarla bina və minlərlə sakin yaşayır. Yaşayış kompleksi genişlənərək yeni binaların tikintisi davam etsə də, daxili yollara diqqət göstərilmir.
Sakin xüsusilə 20-ci binadan Heydər Əliyev küçəsinə, 508 nömrəli avtobusun son dayanacağı istiqamətində uzanan yolun vəziyyətindən şikayətlənib. Onun sözlərinə görə, yolun böyük hissəsi qum-torpaq və palçıq içindədir. Həyətin bu cür bərbad duruma düşməsi və məsuliyyətsiz tikinti şirkətlərinin sakinlərə verdiyi vədləri yerinə yetirməməsi haqlı olaraq yerli sakinlərin sərt qəzəbinə səbəb olub. Vətəndaşlar qeyd edirlər ki, hər ay kommunal ödənişləri və digər xərcləri vaxtında ödədikləri halda, yaşadıqları binanın həyəti illərdir bu cür bərbad, bəzən isə yaşayış üçün yararsız vəziyyətdə qalır.
Şikayətçi haqlı olaraq bildirir: “Burada evlərin qiyməti günü-gündən artır, amma bir dənə yolu asfaltlaya bilmirlər?!”
Sakin aidiyyəti qurumlardan və yaşayış kompleksinin rəhbərliyindən ərazidə yolun asfaltlanmasını və problemin aradan qaldırılmasını tələb edir. Ümid edirik ki, aidiyyəti təşkilatlar bu haqlı narazılığa səs verəcək və sakinlər uzun illərdir gözlədikləri abad yola qovuşacaqlar.
\\sumqayıt24.az













