Qərbi Azərbaycanın tarixi yaşayış məntəqələrindən biri olan Şöllü Mehmandar kəndi keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar Zəngibasar (Masis) rayonunun ərazisində yerləşib. Kənd Zəngi çayının yaxınlığında, dəniz səviyyəsindən 830 metr yüksəklikdə salınmışdı. Qəmərli (Artaşat) şəhərindən təxminən 22 kilometr şimal-qərbdə yerləşən kənd Zəngibasar rayonu yaradılana qədər Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibində olub.
Şöllü Mehmandar adına tarixi mənbələrdə müxtəlif formalarda rast gəlinir. “İrəvan əyalətinin icmal dəftəri”ndə kənd “Mehmandari-Şollu”, Qafqazın beşverstlik xəritəsində isə “Şorlu Mehmandar” kimi qeyd edilib. Toponimin mənşəyi “Şöl” tayfa adı və Mehmandar şəxs adı ilə əlaqələndirilir. Bu izaha görə, kəndin adı Şöl tayfasından olan Mehmandara məxsus yaşayış məntəqəsi mənasını ifadə edir.
Tarixi statistik məlumatlara görə, Şöllü Mehmandarda 1831-ci ildə 406, 1873-cü ildə 1573, 1886-cı ildə 1432, 1897-ci ildə 1824, 1914-cü ildə 1632, 1916-cı ildə isə 2969 azərbaycanlı yaşayıb. 1919-cu ilin sonlarında kəndin azərbaycanlı əhalisi silahlı hücumlar nəticəsində doğma yurdlarından deportasiya edilib. Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan sakinlərin bir qismi kəndə qayıda bilib. 1922-ci ildə burada 788, 1926-cı ildə 1010, 1931-ci ildə isə 778 azərbaycanlı qeydə alınıb.
Kəndin tarixi abidələri arasında Hacı Abbas ağa məscidi xüsusi yer tutur. Təxminən 1840-cı ildə tikildiyi bildirilən məscid Şöllü Mehmandarın dini və ictimai həyatında mühüm rol oynayıb. Məscid 1919-cu il hadisələri zamanı yandırılıb, sovet hakimiyyəti illərində kəndə qayıdan sakinlər tərəfindən təmir edilib. Lakin 1988-ci il deportasiyasından sonra dağıdılıb.
Şöllü Mehmandar adı 1935-ci il yanvarın 3-də dəyişdirilərək Mehmandar, 1978-ci il yanvarın 25-də isə Hovtaşad adlandırılıb. 1948–1949-cu illərdə kəndin azərbaycanlı əhalisinin bir hissəsi Azərbaycana köçürülüb. Bəzi ailələr 1950-ci illərdə yenidən kəndə qayıtsa da, 1988-ci ilin noyabr-dekabr aylarında burada yaşayan azərbaycanlılar sonuncu dəfə deportasiyaya məruz qalıblar.
Bu gün Şöllü Mehmandar adı Zəngibasar mahalının tarixi-coğrafi yaddaşında yaşayır. Zəngi çayının sahilində yerləşən, əsrlər boyu azərbaycanlıların yaşadığı, tarixi məscidi və qədim toponimi ilə tanınan bu kənd Qərbi Azərbaycanın unudulmayan yaşayış məntəqələrindən biridir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














