Müxtəlif səbəblərdən baş verən ölüm halları ilə tez-tez qarşılaşırıq. Belə faciəvi hadisələrdən biri də qida qəbul edərkən boğulma nəticəsində baş verir. Biləsuvarda və Bakının Sabunçu rayonunda qeydə alınan iki hadisədə bir körpə və yaşlı qadın yeməkdən boğularaq həyatını itirib. Hər iki şəxs xəstəxanaya çatdırılmaq üçün aparıldığı zaman yolda vəfat edib. Bu cür hadisələr boğulma zamanı ilk yardımın əhəmiyyətini bir daha göstərir.
Yeməkdən boğulma halları niyə baş verir? Təcili yardım gələnədək hansı ilk yardım tədbirlərini görməlidirlər və hansı səhvlər ölüm riskini artırır?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd olunan vəziyyətin mexaniki asfiksiya, yəni tənəffüs yollarının yad cisimlə tutulması nəticəsində yaranan mexaniki boğulma olduğunu deyib.
Professorun sözlərinə görə, hazırda təcili tibbi yardım xidmətlərində və tibb müəssisələrində belə hallarda istifadə olunan müasir vakuum cihazları mövcuddur:
“Bu cihazlardan istifadə kifayət qədər sadədir və bəzi hallarda ev şəraitində də tətbiq oluna bilər. Müasir səhiyyə imkanları fonunda mexaniki asfiksiya səbəbindən insanların həyatını itirməsi, əlbəttə, çox acınacaqlı haldır. Vaxtında müdaxilə ilə belə vəziyyətlərin qarşısını almaq mümkündür. Bunun üçün xəstəyə düzgün bədən vəziyyəti verilir, vakuum cihazından istifadə olunur və ya bel nahiyəsinə tətbiq edilən xüsusi zərbələrlə tənəffüs yollarını bağlayan yad cismin çıxarılmasına çalışılır. Bu üsullar nəticə vermədikdə isə digər tibbi müdaxilələr həyata keçirilir”.
Adil Qeybulla əlavə edib ki, mexaniki asfiksiyanın aradan qaldırılması üçün müxtəlif təsdiqlənmiş üsullar mövcuddur:
“Belə hallarda xəstə xəstəxanaya çatdırılana qədər göstərilən həkiməqədərki ilk yardım həyati əhəmiyyət daşıyır. Buna görə də xəstəni müşayiət edən şəxslər və ümumilikdə vətəndaşlar ilkin tibbi yardım qaydaları barədə məlumatlı olmalıdırlar. Həkiməqədərki ilk yardım bacarıqlarının cəmiyyət arasında geniş şəkildə öyrədilməsi vacibdir. Bu biliklər orta məktəbdən başlayaraq ali təhsil müəssisələrində də tədris edilməlidir. Çünki bəzi hallarda vaxtında və düzgün göstərilən ilk yardım həkim müdaxiləsi qədər, hətta ondan da əvvəl həyat qurtaran amil ola bilər”.














