Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın daxili işlərinə xarici qüvvələrin müdaxilə etməsinin yolverilməz olduğunu və bütün məsələlərin xalqın özü tərəfindən həll edilməli olduğunu bəyan edib.
Gündəm24.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə lideri etnik və məzhəblərarası ziddiyyətlərin qızışdırılmasının İslam Respublikasını və bütün regionu uzunsürən qeyri-sabitlik dövrünə sürəkləyəcəyini vurğulayıb.
“İran xalqı xarici müdaxilə olmadan öz daxili işlərini müstəqil şəkildə həll etməlidir. Etnik və konfessional ziddiyyətlərin alovlandırılması İranı və bütün regionu uzunsürən xaos və qeyri-sabitlik dövrünə sürəkləyəcək. Buna qətiyyən yol vermək olmaz”, – deyə Ərdoğan ABŞ-nin “Newsweek” jurnalına müsahibəsində bildirib.
Türkiyə dövlət başçısı, həmçinin ölkəsinin ayrı-ayrı kürd hərəkatlarının, xüsusən də İrandakı Kürdüstan Azadlıq Partiyasının yaranmış vəziyyətdən öz maraqları üçün istifadə etmək cəhdlərini diqqətlə izlədiyini qeyd edib:
“Biz hesab edirik ki, regionumuzdakı heç bir icma başqa ölkələrin vəkalət müharibələrində alətə çevrilməməlidir”.














