Türkiyə Xarici İşlər Nazirliyi Krımın Rusiya tərəfindən ilhaq edilməsinin 12-ci ildönümü ilə əlaqədar rəsmi bəyanat yayıb. Ankara yarımadanın statusu ilə bağlı beynəlxalq hüquqa əsaslanan qəti mövqeyini növbəti dəfə bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, nazirliyin açıqlamasında Krımın qanunsuz ilhaqının qəbul edilmədiyi vurğulanıb:
“İlhaqın 12-ci ildönümündə bir daha bəyan edirik ki, beynəlxalq hüquqa zidd olan bu faktiki vəziyyəti tanımırıq”.
Bəyanatda həmçinin qeyd olunub ki, Türkiyə Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəkləməkdə davam edir. Sənəddə Krım tatarlarının taleyinə xüsusi diqqət çəkilərək, “Türkiyə yarımadada baş verən hadisələri, xüsusilə Krım tatar türklərinin vəziyyətini yaxından izləməyə və bu mövzunu qlobal gündəmdə saxlamağa davam edəcək” mesajı verilib.














