“Mədəniyyət Nazirliyi səhvini başa düşdü, məhkəmədən iddiasını geri götürdü və bizdən üzr istədi”.
Gündəm24.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev deyib.
O bildirib ki, təşkilatın yerləşdiyi binada təmir işləri aparılıb və bütün məsələlər qanun çərçivəsində olub: “Bilmirəm, indi niyə ayılıblar. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən gəlib dedilər ki, təmir qanunsuz olub, qaydalar pozulub və s. Biz də eskpertizaya üz tutduq, Azərbaycan Milli Elmlər Akademiyasından rəy aldıq. Akademiya rəy verdi ki, burada heç bir qanun pozuntusu olmayıb, təmir qaydalara uyğun aparılıb”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Yazıçılar Birliyi barədə protokol tərtib edib.
Xitab24.az-ın xəbərinə görə, buna tarixi abidələrinin qorunması haqqında olan qanunun tələblərinə uyğun olmayaraq, abidə üzərində işlər aparılması səbəb olub.
Protokolda qeyd olunub ki, dövlət tərəfindən mühafizə olunan AYB-nin binasında təmir işləri Mədəniyyət Nazirliyindən və müvafiq qurumlarla razılaşdırılmadan aparılıb.
Abidənin korlanması ilə təqribi 6000 manat ziyanın dəydiyi bildirilir.
Məlum olub ki, nazirliyin qurumu dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı Azarbarpa Elmi-Tədqiqat Layihə İnstitutuna müraciət edib. Lakin onları tədqiqat aparılması üçün AYB-yə daxil olmasına icazə verilməyib. Buna görə də dəymiş ziyanın təqribi hesablandığı qeyd olunub.
Məhkəmə inzibati xəta haqqında protokolu və toplanmış materialı natamam hesab edərək geri göndərib.













