Nigerin paytaxtı Niameydə yerləşən Amani Diori Beynəlxalq Hava Limanı yaxınlığında baş verən silahlı hücum nəticəsində azı 35 nəfər həyatını itirib.
Gündəm24.az BBC-ə istinadən xəbər verir ki, Niger Müdafiə Nazirliyi ölənlərin sayını təsdiqləyib. Qurbanlar arasında 22 hücumçu, 11 hərbçi və iki mülki şəxs var.
Rəsmi məlumatda bildirilir ki, əməliyyat zamanı dörd silahlı şəxs yaralanıb, daha 20 nəfər isə saxlanılıb.
Hücum hava limanının ərazisində və ona bitişik hərbi hava bazasının yaxınlığında baş verib. Şahidlərin sözlərinə görə, ilk partlayış səsləri yerli vaxtla səhər saat 06:00 radələrində eşidilib. Bundan sonra təhlükəsizlik qüvvələri ərazidə genişmiqyaslı əməliyyata başlayıb.
Həmin gün axşam saatlarında Əl-Qaidə ilə əlaqəli “İslam və Müsəlmanların Qələbəsi Uğrunda Birgə Milli Hərəkat” (JNIM) hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bu, son aylarda Amani Diori Beynəlxalq Hava Limanına edilən ikinci böyük hücumdur. Yanvar ayında da hava limanı silahlı hücuma məruz qalmışdı. Həmin hadisəyə görə məsuliyyəti İŞİD-lə əlaqəli qruplaşmalardan biri üzərinə götürmüşdü.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Niger hakimiyyəti ölkənin paytaxtında təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.//Ajans.az














