“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts ABŞ-lı maliyyəçi Ceffri Epşteynin villasındakı görüşlərdən sonra cinsi yoluxucu xəstəlik aldığı barədə yayılan məlumatları təkzib edib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qeytsin nümayəndəsi “The Daily Telegraph” qəzetinə açıqlama verib.
Məlumatda bildirilir ki, yayılan iddialar absurddur və həqiqəti əks etdirmir. Nümayəndə əlavə edib ki, sənədlərdə yalnız Epşteynin Qeytslə davamlı əlaqələrinin olmamasından yaranan narazılığı və onu ifşa etmək, nüfuzuna xələl gətirmək üçün hazır olduğu addımlar əks olunub.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi yanvarın 30-da Epşteyn işinə aid bütün sənədləri açıqlayıb.
Böyük Britaniyanın “The Telegraph” qəzeti ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş Ceffri Epşteyn işi üzrə yeni materiallara istinadən onun şəxsi yazışmalarında milyarder Bill Qeytslə bağlı qeydlərin yer aldığını yazıb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, Epşteynin 2013-cü ilin iyul ayında özünə göndərdiyi məktublarda “Microsoft” şirkətinin qurucusu Bill Qeytsin guya rusiyalı qızlarla intim görüşlərdən sonra antibiotiklərə ehtiyac duyduğunu qeyd etdiyi iddia olunur. Həmin yazışmalarda Epşteyn Qeytsin mümkün infeksiya ilə bağlı narahatlıq keçirdiyini və bu məsələnin həyat yoldaşından gizli saxlanılmasını xahiş etdiyini yazıb.
“The Telegraph” bildirir ki, sözügedən mesajlar Epşteynin geniş yazışma arxivinin bir hissəsidir. Həmin məktublarda o, Bill Qeytsi tənqid edir və aralarındakı şəxsi ünsiyyətə dair detallar paylaşır.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl azyaşlıların cinsi istismarı və insan alveri şəbəkəsinin təşkili ittihamı ilə gündəmə gəlmiş Ceffri Epşteyn işi üzrə bütün arxiv materiallarının dərc edildiyini açıqlamışdı.














