Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində mədəni-kütləvi tədbirlərlə qeyd edilib.
Bayram tədbirləri Mədəniyyət Nazirliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun maliyyə və təşkilati dəstəyi ilə keçirilib.
Şəhər Günü çərçivəsində Zəngilan Konqres Mərkəzində Plov Festivalı, “Zəngilan – zamanın qanadlarında” fotosərgisi, uşaqlar üçün yaradıcılıq proqramları və teatr tamaşası təşkil olunub. Günün sonunda milli musiqi, rəqs və vətənpərvərlik ruhunu əks etdirən bayram konserti təqdim edilib. Tədbirlər musiqi nömrələri və atəşfəşanlıqla başa çatıb.
Azad edilmiş ərazilərdə şəhər günlərinin təşkili bölgənin dirçəlişinə, ictimai-mədəni həyatın canlanmasına və doğma yurdlarına qayıdan sakinlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edir.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu davamlı olaraq bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək göstərərək həmin ərazilərdə zəngin mədəni irsin yaşadılmasına öz töhfəsini verir.//musavat.com













