Keypəşən kəndi: Tarixi mənbələrdə adı çəkilən qədim yaşayış məntəqəsi
Ermənistanın cənubunda, tarixi Qərbi Azərbaycan ərazisində yerləşən Keypəşən kəndi azərbaycanlıların yaşadığı qədim yaşayış məskənlərindən biri olub. Keçmiş Qafan rayonunun ərazisində, Gığı dərəsində yerləşən kənd tarixi keçmişi, yaylaq ənənələri və Qarabağ bölgəsinin bir sıra yaşayış məntəqələri ilə əlaqələri ilə seçilib.
1930–1995-ci illərdə Qafan rayonunun tərkibində olan Keypəşən kəndi Qafan şəhərindən 33 kilometr şimal-qərbdə, Gığıçayın yuxarı axarında, Qazangöldən 15 kilometr məsafədə, dəniz səviyyəsindən 2111 metr yüksəklikdə yerləşib. Hazırda kənd Ermənistan Respublikasının Sünik vilayətinin ərazisində, Nor Astğaberd yaşayış məntəqəsinin inzibati ərazisi daxilində göstərilir. Təqdim olunan məlumatlara görə, kənddə yalnız bir neçə ev qalıb, yaşayışın böyük hissəsi isə sona çatıb.
Tarixi məlumatlara əsasən, Keypəşən kəndi Məliklilər tayfasının məskunlaşdığı yaşayış məntəqəsi olub. Bildirilir ki, bu tayfa Cənubi Azərbaycanın Qaradağ mahalından köçərək Bərgüşad ərazisində məskunlaşıb, sonralar isə yaylaq yerlərindən istifadə etmək məqsədilə Keypəşən ərazisini seçib.

Kəndin tarixi Qarabağın bir sıra yaşayış məntəqələri ilə bağlı olub. 1727-ci ildə Osmanlı dövləti tərəfindən tərtib edilmiş “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə Keypəşən kəndinin sakinlərinin Xocahandan olduqları qeyd edilir. Bu məlumat kəndin əhalisinin mənşəyini və bölgədəki tarixi əlaqələri araşdırmaq baxımından əhəmiyyət daşıyır.
Keypəşən kəndinin əhalisi Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarının sakinləri ilə sıx əlaqələr saxlayıb. Tarixi məlumatlarda Xocahan kəndinin də Gığı dərəsində yaylaq yerlərinin olduğu bildirilir. Bu ərazilərdən uzun müddət maldarlıq və mövsümi köç ənənələri çərçivəsində istifadə edilib.
Keypəşənin geniş yaylaq sahələri yay aylarında ətraf rayonlardan gələn insanların və maldar təsərrüfatların burada məskunlaşmasına imkan yaradıb. Kənd sakinləri qış aylarında mal-qaralarını Qubadlı ərazisində saxlayır, isti mövsümdə isə dağlıq ərazilərə aparırdılar. Bu ənənələr bölgənin təsərrüfat həyatında yaylaq-qışlaq sisteminin mühüm yer tutduğunu göstərir.
Keypəşən bu gün xəritələrdə adı az görünən bir yaşayış məntəqəsi olsa da, onun tarixi, yaylaq yolları və nəsillərin yaddaşında yaşayan xatirələri Qərbi Azərbaycanın unudulmayan keçmişinin bir parçasıdır.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov














