ABŞ və İsrailin İran ərazisində quru əməliyyatlarına başlama ehtimalı Yaxın Şərqdə gərgin olan hərbi-siyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Məsələ ilə bağlı politoloq Hüseyn İbrahimov Ajans.az–a açıqlama verib.
O bildirib ki, bu təkcə region dövlətlərinə deyil, həm də qonşu ölkələrə ciddi iqtisadi və təhlükəsizlik təsirləri yarada bilər. Xüsusilə İranla həmsərhəd olan Azərbaycan üçün risklər və müharibənin genişlənməsi ehtimalını aktuallaşdırır.
ABŞ-İran münasibətlərindəki gərginliyin əsası hələ uzun illər əvvəl qoyulub. Tərəflər arasında münasibətlər təxminən 30 ilə yaxındır ki, soyuq xarakter daşıyır və bu müddət ərzində razılıq əldə etmək əvəzinə hər iki tərəf hərbi gücünü artırmağa üstünlük verib.
Politoloq qeyd edib ki, bu proseslər fonunda beynəlxalq aləmdə ABŞ-nin Cənubi Qafqaz siyasəti də formalaşıb. Müxtəlif dövrlərdə tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da, münaqişənin həlli istiqamətində ciddi nəticə əldə olunmayıb. Eyni zamanda, həmin dövrlərdə İranın daxilində də müəyyən iğtişaşların baş verdiyi müşahidə olunub.
Hazırda münaqişə təkcə iki dövlət arasında deyil, artıq bir sıra ölkələri də əhatə edən geniş regional prosesə çevrilib. Tarix göstərir ki, uzun müddət davam edən soyuq müharibələr zaman keçdikcə isti müharibəyə çevrilə bilir və bu zaman münaqişəyə daha çox dövlət cəlb olunur.
Onun sözlərinə görə, ABŞ və İran münasibətləri də hazırda belə bir mərhələyə yaxınlaşır. Quru əməliyyatlarının keçirilməsi ehtimalı müzakirə edilsə də, ABŞ tərəfindən bununla bağlı hələ rəsmi qərar verilməyib. Hazırda əsas diqqət hava məkanının nəzarətə götürülməsi istiqamətində atılan addımlara yönəlib.

“Mümkün quru əməliyyatları həyata keçirilərsə, bu prosesin İraq ərazisi vasitəsilə baş verməsi ehtimal olunur. Azərbaycan isə ilk gündən etibarən heç bir dövlət üçün müharibəni qızışdıran şərait yaratmayacağını bəyan edib. Bu səbəbdən indiki mərhələdə Azərbaycan üçün ciddi təhlükə gözlənilmir.”-deyə, o açıqlayıb.
Yaxın Şərq artıq faktiki olaraq müharibə ocağına çevrilib. İranın Körfəz ölkələrinə qarşı bir neçə dəfə atəş açması regionda həm iqtisadi, həm də siyasi riskləri artırıb. Bu vəziyyət nəticəsində bəzi ölkələrdə hava məkanlarının bağlanması, eləcə də təyyarələrin uçuş istiqamətlərinin və vaxtlarının dəyişdirilməsi halları müşahidə olunur. Azərbaycan isə regionda sülhün tərəfdarı kimi çıxış edir. İranda minlərlə azərbaycanlı yaşayır və ölkənin geosiyasi mövqeyi də nəzərə alınaraq Azərbaycan münaqişənin genişlənməsində maraqlı deyil.














