Respublika Diaqnostika Mərkəzində (RDM) aparılan yoxlamalar zamanı olduqca təhlükəli hesab edilən “stafilokok” infeksiyasının aşkarlandığı iddia edilir.
32gun.az Redaksiyasının elektron ünvanına daxil olan məlumatda iddia olunur ki, bu hadisə klinika daxilində böyük narahatlığa və ciddi təşvişə səbəb olub. İddialara görə, tibb müəssisəsinin rəhbərliyi baş verən bu ciddi vəziyyəti ictimaiyyətdən gizlətməyə çalışsa da, daxildə yaranan gərginliyin qarşısını almaq mümkün olmayıb və artıq klinikanın bütün əməkdaşları mövcud təhlükədən xəbərdar olaraq ciddi narahatlıq keçirirlər.
Məsələnin ciddiliyini nəzərə alaraq, dərhal Respublika Diaqnostika Mərkəzinin rəsmi internet səhifəsində qeyd olunan əlaqə nömrəsi vasitəsilə klinika ilə əlaqə saxladıq. Mövzunun təcililiyini xüsusilə vurğulasaq da, qarşı tərəf hazırda bu barədə hər hansı bir məlumat verə bilməyəcəklərini bildirdi. Telefona cavab verən əməkdaş iş saatı bitdiyi və işçilərin evə getdiyi üçün suallarımızı cavablandıracaq səlahiyyətli şəxsin olmadığını qeyd edərək, bizi növbəti gün əlaqə saxlamağa yönləndirdi. Eyni zamanda, klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin kontakt nömrələrini əldə etmək cəhdlərimiz də nəticəsiz qaldı, çünki müəssisədən bu məlumatı bizimlə bölüşməkdən imtina etdilər.
Buna baxmayaraq, jurnalist etikasına sadiq qalaraq, məsələ ilə bağlı qarşı tərəfin rəsmi mövqeyini və açıqlamasını dinləməyə, eləcə də onların cavab haqqını dərc etməyə hər an hazır olduğumuzu bəyan edirik.
***
Sonradan Sorğumuza cavab olaraq Respublika Diaqnostika Mərkəzinin baş həkimi Nigar Axundova yayılan bu məlumatların tamamilə həqiqətdən uzaq olduğunu bildirib:
“Bu məlumat tamamilə yalnışdır və heç bir əsası yoxdur. Biz bura təxminən iki aydır ki, yeni komandamız ilə gəlmişik və işin gedişatından çox razıyıq. Bu müddət ərzində klinika daxilində heç bir narahatçılıq və şikayət qeydə alınmayıb.”
MÜTƏXƏSSİS XƏBƏRDARLIĞI:
Tibb mütəxəssislərinin rəyinə görə, stafilokok infeksiyası insan sağlamlığı üçün çox ciddi fəsadlar törədə bilən təhlükəli bir patogendir. Bu infeksiya bədəndə fərqli formalarda özünü büruzə verir: dərinin müxtəlif nahiyələrində çıban, dolama, irinli yaralar və impetiqo kimi xoşagəlməz dəri xəstəliklərinə yol açır. Eyni zamanda, bakteriyanın qida məhsullarında ifraz etdiyi toksinlər kəskin qida zəhərlənmələrinə, ürəkbulanma, qusma, qarın ağrıları və ishala səbəb olur. İnfeksiyanın daxilə yayılması isə pnevmoniya, ürək qapaqlarının iltihabı (endokardit), toksik şok sindromu və hətta qan zəhərlənməsi (sepsis) kimi ölümcül sistemik fəsadlarla nəticələnə bilər.














