Palma yağının sağlamlıq üçün mümkün riskləri ilə bağlı müzakirələr fonunda bəzi istehlakçılar tərkibində palma yağı olmayan, bunun əvəzinə raps yağı istifadə edilən şokolad yağlarına üstünlük verirlər. Hətta bu məhsulların bir qismi qiymət baxımından daha bahalıdır.
Bəs tərkibində raps yağı olan şokolad yağlarını uşaqlara vermək nə dərəcədə təhlükəsizdir? Bu məhsullar həqiqətən daha sağlam alternativ sayılırmı?
Mövzu ilə bağlı Ekologiya.az–a danışan qida üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:

“Raps yağı raps bitkisindən əldə olunur. Əslinə bu,”kanona” brendi kimi satılır. Avropada buna kanona da deyilir. Elmi araşdırmalara görə raps yağı təhlükəsizdir. Eyni zamanda Qlobal Səhiyyə Təşkilatının rəyinə əsasən də raps yağı təhlükəsiz hesab olunur. Bir çox səhiyyə qurumları, kardioloqlar raps yağının ürək-damar sağlamlığı üçün faydalı qəbul edirlər.
Raps yağının tərkibindən bəhs edən Ağa Salamov qeyd edib:
“Raps yağının tərkibində olan eruk turşusunu seleksiya vasitəsilə sıfıra endirirlər. 50 il bundan öncə raps yağı təhlükəli hesab olunurdu. Çünki tərkibində eruk turşusu çox idi. Lakin Kanadalı alimlər 1970-ci illərdə seleksiya yolu ilə ənənəvi raps bitkilərini bir-biriləri ilə çarpazlaşdıraraq yeni və sağlam növ əldə etməyə çalışdılar. Və buna nail oldular. Bu yolla eruk turşusunu 2 faizə qədər aşağı saldılar”.
Tioqlikozidlər barədə də danışan mütəxəsis əlavə edib:
“Raps yağında olan eruk turşusu ilə yanaşı tioqlikozidlər də var ki, onun da səviyyəsi azaldılıb. Tioqlikozidlər ürəyə zərərli olan və yağa acı dad verən bir maddədir. Alimlər bunun da səviyyəsini azaltmağa çalışdılar və nail oldular. Bu gün demək olar ki, hər iki turşu sıfıra endirilib”.
Ağa Salamov sonda raps yağına “kanola” deyilməsi barədə məlumatı da bölüşüb:
“Kanola yağı əslində “CANadian Oil, Low Acid” deməkdir. Yəni, Kanada istehsalı, aşağı turşuluqlu yağ mənasına gəlir. Bu gün sənayedə istehsal olunan və şokalad yağlarının tərkibində gördüyünüz raps yağları zərərli deyil. Bu gün hətta Avropada da mütəxəssislər araşdırmadan raps yağına zərərli deyirlər. Hər şeyə də zərərli demək olmaz. Amma mən hər zaman insanlara zeytun yağını tövsiyə edirəm”.













